• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Meteorit yağışı kimlərə necə təsir edir?

CƏMİYYƏT

31 May 2022 | 15:32 | Müəllif: Qalib İbrahimoğlu

Meteorit yağışı kimlərə necə təsir edir?

Krım astronomu Aleksandr Yakuşeçkin bu gün Yer kürəsini intensiv güclü meteorit qasırğası gözlədiyini bildirib. O, əsl meteorit yağışının olacağını deyib. Onun sözlərinə görə, saatda 10 min meteor olacaq. Meteor aktivliyin müddəti 2 saat çəkəcək.

Terapevt Şücaət Həşimov Bakıvaxtı.az-a bildirib ki, meteoritlər yağışı zamanı, adətən, havada elektromaqnit dalğaların intensivliyi artır: “İntensivlik artdığı üçün meteohəssas insanlarda müəyyən fərqli dəyişikliklər olur. Adətən, ürək-damar sistemi xəstəlikləri, qan təyziqi yüksək olan, revmatik xəstələr özlərini narahat hiss edirlər. Belə insanlarda halsızlıq, əzginlik, baş ağrısı, baş gicəllənməsi, iştahasızlıq olma ehtimalı var. Bəzən təzyiqin kəskin yüksəlməsi, bəzən enməsi, ürək döyüntülərinin sayının artması və enməsi müşahidə oluna bilər”.

Terapevt qeyd edib ki, ona görə də, meteorit qasırğası olan hallarda insanlar açıq havada olmamalıdırlar: “Bu gün nisbətən artıq maye qəbul etmək məsləhətdir. Əlavə elektromaqnit dalğaları olan yerdən, məsələn, televizor və kompüterdən uzaq durmaq, mobil telefondan az istifadə etmək lazımdır. İnsanların qapalı məkanda olmaları məsləhətdir. Açıq havada olmamaq insanları yan təsirlərdən müəyyən qədər qoruya bilir”.

Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, meteorit yağışının yağması prosesi, adətən, göydə gəzən müxtəlif həcmli meteoritlərin, planet cisimciklərinin yerini dəyişməsi, digər planetlərin qarşılıqlı təsiri ilə bir istiqamətdə axınının baş verməsi nəticəsində olur: “Meteoritlər də yerin ətrafında olan güclü ozon təbəqəsinə daxil olanda böyük meteoritlər parçalanıb xırda daşlar şəklində düşürlər. Hansı səthə və necə düşəcəyi meteoritin istiqamətindən asılıdır”.

Ekspert qeyd edib ki, meteoritlər yerə tək-tük düşdüyü üçün onu yağış adlandırmaq olmaz: “Bu, adi yağış deyil ki, nə vaxt yağacağını biləsən və insanlara qorunmaq üçün nəsə deyəsən. Ona görə də, meteoritin yağması zamanı insanlardan qorunmaq üçün xüsusi tədbir gözləmək olmur. İndiyə qədər də meteorit qasırğasından ciddi ziyan alan olmayıb”.

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, maqnit qasırğaları, meteorit hadisələri və s. bütün bunların hamısı birinci növbədə meteohəssas insanlara aiddir: “Təzyiqi oynayan, nevrotik, yanaşı xroniki xəstəliyi olan şəxslər bu hadisələrdən əvvəl öz həkimləri ilə məsləhətləşməlidirlər. Bizim onlara kütləvi informasiya vasitələri ilə nəyisə qəbul etmələri üçün təklif verməyimiz doğru olmaz. Çünki meteohəssas xəstələr müxtəlif olur”.

Həkim bildirib ki, həmin şəxslərin bu gün ev şəraitində olmaları məqsədəuyğundur.

“İnsan orqanizminin bu cür təbiət hadisələrinə adaptasiyası kifayət qədər yüksəkdir, ona görə, hesab edirəm ki, təsirlər hamıya aid deyil”, - deyə Adil Qeybulla qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR