• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Meymunçiçəyinin yayılmasının qarşısını almaq olar?

CƏMİYYƏT

26 May 2022 | 16:00 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyinin yayılmasının qarşısını almaq olar?

Koronavirusdan sonra bütün dünyanı narahat edən xəstəlik meymunçiçəyi oldu. Koronavirus kimi sürətlə yayılmasa da, təhlükəli olmasa da, hamı narahatdır.

Təbii ki, insanların narahat olmasında xəstəlik haqqında hər gün çıxan yeni xəbərlərin də rolu az deyil. Belə ki, bəziləri suçiçəyi peyvəndi vurduranların meymunçiçəyi xəstəliyinə yoluxmayacağı barədə yazır, bəziləri isə təbii çiçək peyvəndi vurduranların meymençiçəyi olmayacağını bildirir.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, suçiçəyi, təbii çiçək və meymunçiçəyi xəstəlikləri üç fərqli xəstəliklərdir: “Bu xəstəliklərin üçü də bir-birinə oxşayır, amma tamamilə fərqlidirlər. Əksəriyyət də suçiçəyi ilə çiçək xəstəliyini səhv saldığından, ya da eyni xəstəlik kimi tanıdığından mediada bununla bağlı çox qarışıq xəbərlər çıxır”.

İnfeksionist deyib ki, suçiçəyi xəstəliyini törədən virusun adı herpes viruslara aid olan Varicella Zosterdir. Həmin Varicella Zoster isə meymunçiçəyini törədən monkeypoksdan çox fərqlidir: “Bu ikisinin bir-birinə heç bir genetik yaxınlığı olmadığı üçün birinə qarşı hazırlanmış peyvənd də digərindən qorumur. Yəni, suçiçəyinə qarşı peyvənd vurduran şəxs monkeypoksdan qorunmur”.

N.Əzimlinin sözlərinə görə, təbii çiçək xəstəliyi 1980-ci ildə dünyada ləğv olunub: “Təbii çiçək xəstəliyi ləğv olunduğu üçün indiki zamanda görmədiyimiz xəstəlikdir. Ancaq XVIII əsrdə dünyada milyonlarla insanın ölümünə səbəb olmuş ağır bir xəstəlik idi. Meymunçiçəyi həmin təbii çiçək xəstəliyinin törədicisi olan virusla genetik və gedişat olaraq çox yaxındır. Meymunçiçəyi təbii çiçək xəstəliyindən fərqli olaraq daha yüngüldür və ölüm halları daha az olur”.

Həkim vurğulayıb ki, bu üç xəstəliyi qətiyyən qarışdırmaq olmaz: “Dünyada da hazırda peyvənd ehtiyatları toplayan bəzi ölkələr meymunçiçəyinə qarşı istifadə etmək üçün təbii çiçək peyvəndini toplayırlar. Çünki meymunçiçəyinə qarşı təbii çiçək peyvəndinin effekti var, suçiçəyinin yox. O da təbii ki, hər bir şəxsdə müəyyən dərəcədə fərqlilik göstərə bilər. 1980-ci illərə qədər davam etmiş təbii çiçək vaksinasiyasında iştirak etmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı ya tamamilə yoxdur, ya da qismən azdır”.

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, istər meymunçiçəyi, istərsə də təbii çiçək xəstəliyi çiçək virusu ailəsinə daxildir: “Suçiçəyi xəstəliyi varisella zoster virusu tərəfindən törədilib. Məhz meymunçiçəyi xəstəliyinin gedişatı klinik əlamətlərə, dəridəki səpkilərə, suluqların əmələ gəlməsinə görə təbii çiçək xəstəliyini daha çox xatırladır. Lakin təbii çiçək xəstəliyi daha təhlükəli, sürətlə yayılan, pandemiya törədən bir xəstəlikdir”.

A.Qeybullanın sözlərinə görə, meymunçiçəyi meymunlardan insanlara transfer edib: “Təmas yolu ilə yayıldığı müəyyən edilib, hava-damcı yolu ilə yayılması çox zəifdir. Bu baxımdan, bunun sürətlə pandemiya yaratmaq təhlükəsi yoxdur. Karantin tədbirləri effektiv görülsə, bu virusu lokallaşdırmaq mümkündür. Amma istənilən halda, bəşəriyyət təbii çiçək pandemiyasına qarşı da hazırlıq aparmalıdır. Hər an hər şey ola bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026