Bu gün Yerusəlimdə Azərbaycan və İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, iclasla bağlı Azərbaycan-İsrail Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri artıq başlayıb.
Səfər çərçivəsində nazir İsrailin maliyyə naziri, Birgə Komissiyanın digər həmsədri Zeev Elkin ilə görüşüb.
Görüşdə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan–İsrail Hökumətlərarası Birgə Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin həmsədrliyi ilə keçirilib. Həmin iclasın yekununda tərəflər bir sıra sənədlər imzalayıblar. Bunlara ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş, 2023–2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə daxildir. Bundan başqa, SOCAR ilə İsrailin "Union Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" ASC ilə İsrailin milli su şirkəti "Mekorot" arasında Anlaşma Memorandumu imzalanıb.
***
13:11
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı bu ölkənin maliyyə naziri, Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov bildirib.
Bakı 



