Prezident İlham Əliyev bu gün - yanvarın 6-da “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, qəzada həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Prezidentlə görüş barədə Modern.az-a danışıb.
O bildirib ki, görüşdə dövlət başçısı ilə yanaşı AZAL-ın prezidenti, həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər:
“Bildirildi ki, qəza barədə ən son məlumat "qara qutu"lar açıldıqdan sonra əldə olunacaq və bu haqda bizə də məlumat veriləcək. Qeyd edildi ki, təyyarəyə kənardan müdaxilə olunub və bu səbəbdən qəzaya uğrayıb. Daha sonra medallar təqdim edildi və bununla da görüş başa çatdı”.
C.Alıyev sonda qeyd edib ki, təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninov haqqında filmin çəkilişlərinə də başlanılıb.