Bu il dünyada baş verən bir neçə münaqişə zonasında atəşkəslərin əldə olunduğu müşahidə olunur. Bu atəşkəslərin qısamüddətli olması müxtəlif ehtimalları doğurur.
Mövcud atəşkəslər və diplomatik təşəbbüslər real və davamlı sülhün başlanğıcıdır, yoxsa tərəflərin hərbi, siyasi və iqtisadi resurslarını toplamaq və mövqelərini gücləndirmək üçün istifadə etdiyi taktiki “vaxt qazanma” mərhələsi kimi çıxış edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, tarix və cari geosiyasi dinamika atəşkəsin çox vaxt müharibənin alternativi yox, onun fasiləsi olduğunu göstərir:
"Məsələyə realist prizmadan baxsaq, atəşkəs, ilk növbədə, tərəflərin nəfəs dərməsi üçün mexanizmdir. Müharibə aparan dövlətlər müəyyən mərhələdə resurs baxımından tükənmə həddinə yaxınlaşır. Canlı qüvvə, texnika, maliyyə və hətta ictimai dəstək zəifləyir. Belə anda "sülh dili" aktivləşir. Amma bu, həmişə səmimi niyyətin göstəricisi deyil. Bu, çox zaman yenidən silahlanmaq, diplomatik mövqeləri gücləndirmək və növbəti mərhələyə hazırlaşmaq üçün sadəcə pauzadır”.
Müsahibimiz qeyd edib ki, tarix bu cür nümunələrlə doludur. Atəşkəslər tez-tez münaqişəni dondurur, amma həll etmir. Onun sözlərinə görə, əsas problem odur ki, münaqişənin kökündə duran səbəblər - ərazi iddiaları, etnik gərginlik, təhlükəsizlik dilemması və böyük güclərin maraqları - aradan qalxmır. Bu səbəblər qalırsa, atəşkəs nə qədər "parlaq" təqdim olunsa da, sabit sülhə çevrilməsi çətin olur.
T.İsmayılov vurğulayıb ki, atəşkəs eyni zamanda diplomatiya üçün yeganə real pəncərədir. Müharibə davam edərkən ciddi danışıqlar aparmaq faktiki olaraq mümkün deyil. Yəni, bu pauza həm də seçim yaradır. Tərəflər ya bu imkandan istifadə edərək siyasi kompromisə gedəcək, ya da sadəcə növbəti toqquşmaya qədər vaxt qazanacaqlar.

Tural İsmayılov: Atəşkəs bir nəticə deyil, imkandır
"Əsas məsələ siyasi iradədir. Əgər tərəflər həqiqətən uzunmüddətli sabitlik istəyirsə, atəşkəs mexanizmləri institusional çərçivəyə salınır. Beynəlxalq zəmanətlər, monitorinq mexanizmləri, iqtisadi inteqrasiya layihələri və təhlükəsizlik təminatları ilə möhkəmləndirilir. Əks halda isə atəşkəs kağız üzərində qalır və ilk ciddi gərginlikdə dağılır. Bir az sərt səslənsə də, reallıq budur: indiki qlobal mənzərədə atəşkəslərin böyük hissəsi "vaxt qazanma" aləti kimi işləyir. Çünki dünya yenidən güc siyasətinə qayıdır və kompromis mədəniyyəti zəifləyir. Amma bu, o demək deyil ki, sülh mümkün deyil. Sadəcə sülh üçün təkcə atəşkəs kifayət etmir, onun arxasında real siyasi razılaşma və qarşılıqlı etimad dayanmalıdır", - deyə politoloq izah edib.
Atəşkəsin bir nəticə deyil, imkan olduğunu bildirən Tural İsmayılovun fikrincə, bu imkandan necə istifadə olunacağı isə artıq tərəflərin niyyətindən yox, strateji hesablamalarından asılıdır. Bu gün isə həmin hesablamalar idealist sülh vizyonuna yox, daha çox güc balansına əsaslanır.
Gülşən Şərif
Bakı 




