Müəllim-şagird gərginliyi həmişə olub. Amma əvvəlki illərə nisbətən son zamanlar sanki bu problem həll olunmuş kimi görünür.
Bakıvaxtı.az-ın məlumatına görə, əvvəlki illərdə təhsil müəssisələrində baş verən neqativ hadisələrin qabardılması sanki bir yarış halına gəlmişdi. Hətta bəzi hallarda müəllimlərin işindən çıxarılması belə tələb olunurdu.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr, o cümlədən də media adətən hər xırda məsələni böyütməkdə maraqlıdır.
Müsahibimiz hesab edir ki, müəllim-şagird gərginliyi ilə bağlı neqativ xəbərlərin qarşısının alınmasının başlıca səbəbi ictimai qınaq olub:
"İki il davamlı olaraq media və sosial şəbəkələr daha çox təhsil müəssislərində baş verən ən xırda məsələləri qabartmağa can atırdılar. Qəribədir ki, son vaxtlar bu tendensiya müşahidə olunmur. Əgər neqativ məlumat yayılarsa, bu halda da reaksiyalar bərabər səviyyədə olur. Əvvəlki illərdə valideyn məktəbdə yaşanan hər kiçik nüansa görə məktəbə hücum çəkirdi və müəllimlərlə davaya çıxırdı. Təcrübə göstərdi ki, bu cür hallarda valideyn qınaq obyektinə çevrilir. Orta nəsil hər dəfə xüsusi qeyd edirdi ki, məktəbli olanda müəllimlər tərəfindən onlara qarşı da bu cür tənbehlər olub, amma heç vaxt məktəbə hücum çəkilməyib. Bu baxımdan ictimai qınaq müəyyən mənada valideynləri çəkindirdi".
Hazırkı vəziyyətin süni yaradılıb-yaradılmamasına da toxunan ekspertə görə, indiki dövrdə heç bir hadisənin qarşısını süni şəkildə almaq mümkün deyil.
Məzahir Məmmədli: Yayılan xəbərə vaxtında münasibət bildiriləndə ajiotaj yaratmır
"Hətta hansısa məmurların buna imkanı olsa da, ümumilikdə sosial şəbəkələrin qarşısının alınması real deyil. Əslində yayılan xəbərə vaxtında münasibət bildiriləndə ajiotaj yaratmır. Bakı və Sumqayıt şəhərlərində yaşanan son hadisələrə zamanında reaksiya verildiyi üçün səs-küyə səbəb olmadı. Hətta müəllimlərə haqq qazandıranlar da oldu”.
“Xoş haldır ki, son zamanlar məktəblərdə yaşanan hər xırda neqativ hadisə işıqlandırılmır. Artıq bu nüans hər kəsin marağında deyil", - deyə Məzahir Məmmədli vurğulayıb.
Gülşən Şərif