Xəbər verdiyimiz kimi, yanvarın 15-də Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər xəsarət alıb, 9 nəfərin meyiti dağıntılar altından çıxarapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı mövzunu yenidən gündəmə gətirib.

Orxan Musayev: Baş verən faciəvi hadisələrdən müəssisə rəhbəri məsuliyyət daşıyır
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Bakıvaxtı.az-a bildirib ki, son günlər baş verən bədbəxt hadisələr yanğın təhlükəsizliyi və qazdan təhlükəsiz istismar qaydalarına ciddi şəkildə riayət olunmadığını göstərir. Bu qaydalara əməl etmədikdə faciələr qaçılmaz olur: “Burada insanların sağlamlığına, ətrafa, mülkə ciddi ziyan dəyə bilər. İstər müəssisələrdə, istər ictimai iaşə obyektlərində, təhsil, səhiyyə müəssisələrində baş verən bütün növ yanğın hadisələrinə görə müəssisə rəhbəri məsuliyyət daşıyır. Müəssisə rəhbəri müəssisədə yanğın təhlükəsizliyi qaydaları, qazdan təhlükəsiz istismar qaydaları ilə bağlı öncədən bütün tədbirləri təşkil etməlidir. Bundan sonra isə həmin tədbirlərin saz vəziyyətdə saxlanılasına nəzarət etməlidir. Hər hansısa bir bədbəxt hadisə baş verirsə, demək bu qaydalara əməl olunmayıb”.
O.Musayev vurğulayıb ki, nəzarət mexanizmi birbaşa müəssisə rəhbərinin məsuliyyətində olduğu üçün baş verən faciəvi hadisələrdən də o məsuliyyət daşıyır: “Müəssisə rəhbəri ilə bərabər işçilər də ayıq-sayıq olmalıdırlar. Yanğın təhlükəsizliyi sahəsində aparılan bütün işlər formal olmamalıdır. Bu işləri doğru-düzgün görmək lazımdır.
Ekspert qeyd edib ki, bu cür bədbəxt hadisələr təkcə iş yerində, ictimai iaşə obyektlərində deyil, fərdi yaşayış mənzillərində də baş verir. Onun sözlərinə görə, mütəmadi olaraq fərdi yaşayış mənzillərində yanğın hadisələri, qaz sızması nəticəsində partlayış hadisələrinin şahidi oluruq:
“Bu o deməkdir ki, insanlar fərdi yaşayış mənzillərində də təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Evə daxil olan kimi dərhal işığı yandırmamlıdırlar ki, evdə yığılan qaz sızması nəticəsində partlayış baş verməsin”.
Müsahibimiz bildirib ki, baş verən faciəvi yanğınlara baxmayaraq, insanlar yenə də yanğın təhlükəsizliyi qaydalarına məhəl qoymurlar:
“Bu işdə maarifləndirmə mühüm rol oynayır. Televiziyada, saytlarda, reklam lövhələrində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlar paylaşılmaldır. Dövlət Yanğın Nəzarəti xidməti tərəfindən ildə bir dəfə ictimai iaşə obyektlərində, səhiyyə və təhsil müəssisələrində yoxlamalar aparılır. Bu yoxlamalar ciddi formada aparılmalıdır. Bu gün göz yumulan hər hansı kiçik qayda pozuntusu sabah ağır nəticələr göstərə bilər. Yalnız kompleks şəkildə tədbirlər görməklə bu cür hadisələrin sayını minimuma endirmək olar”.

Elmar Nurəliev: Bütün müəssisələr yanğın təhlükəsizliyinin hansı səviyyədə olmasını nəzərdən keçirməlidir
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliev isə Bakıvaxtı.az-a deyib ki, işçilər yanğın baş verdikdə necə davranmalı lazım olduğunu bilməlidirlər:
“İşçilərin sayı 15 nəfərdən artıq olduğu halda müəssisədə mütləq könüllü yanğınsöndürmə dəstələri olmalıdır. Bunu müəssisə yaradır. Həmin dəstənin üzvləri yanğın təhlükəsizliyinə nəzarət edir. İşçilər bu barədə mütəmadi maarifləndirilməlidir.
Sənaye müəssisələrində, anbarlarda istifadə olunan qurğular avadanlıqlar, qazanxana generator otaqları, yüksək təzyiqli aparatlar, qaz balonları, qaz çənləri mürəkkəb quruluşlu mühəndis konstruksiyaları bunların hər birinin kifayət qədər təhlükə riski var. Onlardan hər birindən təhlükəsizlik qaydalarına uyğun olaraq istifadə olunmalıdır. Saxlanc yerlərdə, anbarlarda ola bilsin xam maddələrin yanmaq, partlamaq təhlükəsi daha yüksədir. Onlar xüsusi təyin olunmuş qaydalarda, havalandırması yaxşı olan otaqlarda saxlanılmalıdır. Bütün bunlar bir tədbirlər planıdır. Faciənin baş verməməsi üçün heç bir məqamda boşluq olmamalıdır. Bütün müəssisələrdə yanğın təhlükəsizli rejimi yaradılmaldır”.
E.Nurəliyevin sözlərinə görə, müəssisədə yaranmış problemin aradan qaldırılması üçün hər hansı təmir işi aparılarsa, bu, mütləq təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməlidir:
“Qaynaq və yaxud laqondayla görülən hər hansı kəsmə işi kimi qığılcım yarada biləcək işlərin hər biri yanğın riski yaradır. Bu işləri görəcək şəxslər məlumatlı olmalıdır”.
Ekspert bildirib ki, bütün müəssisələr bir daha yanğın təhlükəsizliyinin hansı səviyyədə olmasını nəzərdən keçirməlidir: “İşçilərin bu barədə bilgiləri yoxlanmaldır. Onlara praktik təlimlər keçirilməlidir. Belə olduqda faciəvi hadisələrin baş vermə riskini aradan qaldırmaq olar”.
Günəş Mərd
















