“Ermənistanın siyasi rəhbərliyindən müharibə mesajının verilməsi birinci dəfə deyil və onlar regional proseslərdə Rusiya, İran və ya Qərb dövlətləri ilə aralarındakı konfliktlər pik nöqtəyə çatdığında maksimum dərəcədə Azərbaycan mövzusundan və müharibə amilindən yararlanmağa çalışırlar”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu, bir diplomatik, siyasi taktikaya çevrilib və bir neçə dividentlər hədəf olunur.
Deputat qeyd edib ki, bölgədə maraqları zərbə alan ölkələr, məsələn, Fransa, Amerika Birləşmiş Ştatları, o cümlədən bütövlükdə Avropa İttifaqı mümkün dərəcədə “Azərbaycan təhlükəsi” adı altında Ermənistanın hərbi cəhətdən himayəsi üçün addımlar atırlar:
“Sual oluna bilər. Axı bu müharibənin səbəbi nədir? Sülh müqaviləsi imzalanmadığı üçün savaş olası deyil ki. Onillərlə də belə vəziyyət hökm sürə bilər və dövlətimizin başçısı dəfələrlə bu məsələni vurğulayıb ki, sülh sazişi Ermənistana daha çox lazımdır. Çünki 1990-cı illərdə Birinci Qarabağ savaşından sonra onlar xeyli əraziləri ələ götürüb, amma onunla paralel istəyirdilər ki, bu izolyasiya ortadan qalxsın. İndiki halda torpaqlar da əllərində deyil. İndi xalqa nə cür izah edəcəklər ki, hazırkı vəziyyətdə təcrid olunmuş durumda yaşamalarının günahı, səbəbi kimdədir?”
Müsahibimizin fikrincə, onlar maksimum dərəcədə bu anlaşmaya gedərək bölgədə bütün kommunikasiyaların, əlaqələrin, ticarət mübadilələrinin serkulyasiya etməsini istəyərlər:
“Belə olan şəraitdə müharibənin səbəbi nə olmalıdır? Nə zaman biz onu bəyan etmişik ki, tarixi torpaqlar kontekstində, Qərbi Azərbaycan mövzusunda və yaxud Zəngəzur məsələsində bizim hərbi planlarımız var? Buna dair hazırlıq da mövcud deyil, hər hansı bir ortaya qoyacaqları görüntülər də. Halbuki həmin Avropa İttifaqının “mülkü”, hərbi casus şəbəkəsinin yetərincə texniki avadanlıq qurğuları var ki, həm peyk, həm də yerdə ortaya qoysunlar, fiksasiya etsinlər ki, bax harada, məsələn, Şərqi Zəngəzur zonasındamı, ya Göyçə dağlarındamı biz hansısa bir məsafələrdə öz mövqelərimizi irəli daşımışıq. Ordu birləşmələri tam ayağa qaldırılıb, bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib və s.”
Deputata görə, əgər belə bir informasiya olsa idi, onu ən böyük propaqanda alətinə çevirərdilər və maksimum dərəcədə ondan maliyyə, hərbi, siyasi qazanc götürərdilər ki, başqa dövlətlər, məsələn, Fransa orduları gəlib onları müdafiə etsin.
Zahid Oruc: Bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur
Z.Oruc hesab edir ki, belə açıqlamalar bundan sonrakı dövrlərdə də veriləcək.
Azərbaycan tərəfinin aydın mətnlə ortaya iki müddəa ilə bağlı iradə qoyduğuna diqqət çəkən deputat əlavə edib ki, biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə imzalayacağıq. Çünki əgər bir siyasi iqtidar dəyişəcəksə, yeni gələnlər prosesi əvvəlki məqama qaytarmasınlar:
“Müqayisə yerinə düşməyəcək. Amma hər halda o da bir arqumentdir ki, ABŞ-də, sistemi oturuşmuş bir dövlətdə Co Baydenin hakimiyyəti dövründə qəbul edilən qərarların mütləq əksəriyyəti Donald Tramp tərəfindən ləğv olunur. Hələ söhbət hüquqi aktlardan gedir”.
Həmsöhbətimiz yekun olaraq bildirib ki, bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur:
“Burada məqsəd bu mövzunu informasiya məkanına çıxararaq, bunu daim kultivasiya edərək, necə deyərlər, hər zaman müxtəlif formalarda beynəlxalq mediaya çıxararaq, müxtəlif ölkələrlə rəhbərlərlə görüşdə qabardaraq, qaldıraraq bölgəyə daha artıq dərəcədə hərbi qüvvələri, NATO ordularını gətirməkdir”.
Mina Mikayılova