"Müharibələr bitdikdən sonra adətən əllərdə çox silah olur, dövlətin vəzifəsi silahları mülki insanlardan toplamaqdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra həm Azərbaycanda, həm də Ermənistanda əllərdə xeyli silah-sursat var idi: "Bu silah və sursat hər iki ölkədə ciddi problemlər yaratdı. Azərbaycanda həmin silahların mütləq əksəriyyəti toplandı, Ermənistanda isə həmin silahlarla parlament gülləbaran edildi, polis məntəqələri ələ keçirilərək ordu hissələri ilə döyüşlər baş verdi. İkinci Qarabağ müharibəsindən sonra eyni problem yaranıb".
"Müharibədə qələbə qazanan Azərbaycan ordusunda ciddi nizam-intizam var, döyüşlərdə ələ keçirilən silah-sursat və silah anbarları dövlətin nəzarəti altındadır. Ermənistanda isə durum fərqlidir, erməni rəsmiləri etiraf edirlər ki, silah və sursatın nə qədərinin nəzarətdən kənarda qaldığını bilmirlər. İndi də bəlli olub ki, 17 min “Kalaşnikov” avtomatı yoxa çıxıb. Bu avtomatlar ölkədən kənara da çıxarıla bilər və bu mənada daha çox İranın adı çəkilir, eyni zamanda Ermənistandakı radikal müxalifətinin də gizli məkanlarında saxlanıla bilər ki, bunun gələcəkdə Nikol Paşinyan hökumətinə qarşı istifadəsi mümkündür", - deyə politoloq vurğulayıb.
Aytac Aslan
















