"Axı hər kəsin nazirə, müavinə, vəzifəli şəxsə çıxış imkanları yoxdur. Biz də hər kəsin əlindən tutub idarələrə aparmağa vaxt edə bilmərik. Xahiş və tələb edirəm ki, görünən başı qarlı uca dağa təpə deməyin."
Bakıvaxtı.az xəbər verir ki, bunları deputat Razi Nurullayev deyib:
"Yerlərdən müxtəlif məsələlərə dair çoxlu şikayətlər daxil olur. Hansı ki, onlar yerli səviyyədə də həll edilə bilər, yaxud mərkəzdə aidiyyatı qurumlar məsuliyyətli yanaşıb həll edər, daha futbol topu kimi o qapıdan bu qapıya göndərməz.
Hər birisi barədə ayrı-ayrı danışacam.
Rayonların birində bir neçə nəfər yaxınlaşdı. Hər birinin problemləri Allahın köməkliyi ilə həll edilib. Sadəcə, mən bir nəfərin üzərində ümumi problemi deyirəm. Xəstə şizofreniyadır, pensiyası kəsilir. Üstündən 7 ay keçir, amma hələ də araşdırma gedir. Nə araşdırması? Həkimlər, tibbi-sosial ekspertiza komissiyaları, başa düşmürəm ki, niyə görünən uca dağa deyillər ki, deyəsən dağ deyil axı, bəlkə təpədir, bəlkə alçaq dağdır, bəlkə vulkandır. Xəstə, yaxud xəstənin sahibi deyir ki, ay balam axı bu uca dağdır, başında da bir metr qar. Yenə də deyillər ki, bəlkə qar deyil, illuziyadır, bəlkə gözünüzə elə görünür?
Olmaz belə. Elə xəstəliklər var ki, o görünən dağ kimi aydındır və onu tez həll etmək lazımdır.
Axı hər kəsin nazirə, müavinə, vəzifəli şəxsə çıxış imkanları yoxdur. Biz də hər kəsin əlindən tutub idarələrə aparmağa vaxt edə bilmərik. Xahiş və tələb edirəm ki, görünən başı qarlı uca dağa təpə deməyin.
Mən cənab nazirə yazdım, məsələ 3 gün içində tam həllini tapdı. Xəstəyə ömürlük ikinci qrup təyin edildi. Təşəkkürümü də bildirdim. Hörmətli müavinlərə də yazıram, göndərirəm, çox həssaslıqla yanaşırlar. Sağ olsunlar, bütün haqlı məsələlər də həllini tapır sonucda. Amma, haqqını ala bilməyən yüzlərlə də xəstə var axı".
Aytac Aslan















