Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar ki, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov bildirib. Onun sözlərinə görə, bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir. Onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir:
"Fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyyəsində olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir. Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı sindromudur. Onurğanın hansı nahiyyəsində disk yırtığı yaranıbsa, həmin nahiyyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur:
"Belə ki, boyun nahiyyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda (qollarda), bel nahiyyəsində olduqda aşağı ətraflarda (ayaqlarda), onurğanın döş nahiyyəsində olduqda isə qabırğalar boyunca yayılan ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq sinir boyunca hissiyat və hərəkət poğzunluqları da müşahidə oluna bilər ki, bu da onlarda yeriş pozğunluğuna, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir.
Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT müayinəsindən keçərək bizə müraciət edirlər. Lakin bu düzgün yanaşma sayılmır. Xəstədə ağrılar olarsa, onlar ilkin olaraq həkim-mütəxəssisə müraciət etməli və müayinə planını həkim təyin etməlidir. MRT müayinəsi vasitəsilə bir xəstənin diaqnozunu qoymaqla yanaşı müalicə taktikasını da seçirik".
Həkim qeyd edib ki, bütün fəqərəarası disk yırtıqları cərrahi əməlliyyat tələb etmir:
"Disk yırtıqlarının müalicəsində müxtəlif metodlar tətbiq olunur ki, bunlardan biri də cərrahi müalicədir. Əgər xəstədə olan kəskin ağrıları hansısa yolla aradan qaldırmaq mümkün deyilsə, xəstədə artıq hissiyyat, hərəkət pozğunluqları, xüsusən də çanaq funksiyalarının pozulması müşahidə olunarsa, onda cərrahi əməliyyatın icrası mütləq lazım gəlir. Hazırda fəqərəarası disk yırtıqlarının cərrahi müalicəsində müxtəlif metodlar tətbiq olunur - klassik açıq cərrahiyyə, mikrocərrahiyyə, endoskopik cərrahiyyə, mikroendoskopik cərrahiyyə və s. Bu metodların hansından istifadə etmə qərarı xəstənin klinik əlamətlərindən və MRT-nin nəticələrindən, həmçinin müalicə həkiminin gündəlik praktikasında hansı üsula üstünlük verməsindən asılıdır. Bəzən xəstədə fəqərəarası disk yırtığı ilə yanaşı onurğa darlığı, fəqərələrin qeyri-stabilliyi aşkar olunarsa, cərrahi əməliyyat zamanı müxtəlif implantlardan istifadə olunaraq daha geniş, həcmli əməliyyatlar da icra oluna bilər".





gif-1679476141.gif)



jpg-1679290229jpg-1679461805.webp)


jpg-1679423420.webp)



