“BMT "Elektron hökumətin İnkişafı İndeksi"nə görə özünün növbəti Reytinq cədvəlini açıqlayıb. Azərbaycan bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83- cü pillədə yer alıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, ötən reytinqlərdə - 2018 və 2020-ci illərdə Azərbaycan eyni yerdə, 70-ci pillədə qərarlaşdımşdı.
Hesabat 3 istiqamət ( “Elektron xidmətlər”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı”) üzrə dəyərləndirmə aparılaraq hazırlanır. Yəni, ölkənin bütün rəqəmsal və elektron mühiti (elektron və mobil xidmətlər, onlara əlçatanlıq, portallar və saytlar, telekommunikasiya və mobil şəbəkə, internet istifadəçilər, sosil mediadan istiafdə, hüquqi baza, institusional vəziyyət, rəqəmsal savadlılıq, innovasiyalar, ağıllı həllər və s.) toplam olaraq bu 3 istiqamət üzrə dəyərləndirilir. Onlar da çoxsaylıalt qruplara ayrılmaqla çox saylı parametrlər üzrə qiymətləndirmə aparılır. İndeksin adında "elektron hökumət" ifadəsi olsa da, əslində ölkənin bütöv rəqəmsal mühiti qiymətləndirilir.
BMT bu il metodikanı da yeniləyib. İstiqamətlər üzrə Azərbaycanın balları aşağıdakı kimi olub : “Elektron xidmətlər” 100 mümkün baldan 61 bal . “Telekommunikasiya infrastrukturu” 67 bal. “İnsan kapitalı” Azərbaycan 79 bal . Hesabatdan görsənir ki, bizdə ən zəif vəziyyət “Elektron xidmətlər” istiqaməti üzrə olub. “Elektron xidmətlər” özü də institusional çərçivə, informasiya açıqlığı, e- xidmətlərin göstərilməsi , e-iştirakçılıq və texnologiya alt bloklara ayrılır”.
Onun sözlərinə görə, bu istiqaməti araşdırdıqda görünür ki, bizim ən bərbad vəziyyətimiz “Elektron xidmətlər” istiqamətinin alt qrupu olan elektron iştirakçılıq indeksi olub. Bu indeks üzrə biz 25 pillə geriləyərək ötən ilki 73-cü yerdən 98-ci yerə enmişik. “E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb. Hesabatı incələyəndə görmək olur ki, məhz bu indeks üzrə 2016-cı illə müqayisədə nə az-nə çox, hətta 51 pillə geriləmişik.
O.Gündüz bildirib ki, "Elektron xidmətlər" indeksi üzrə də nəticələr 2020-ci illə müqayisədə çox zəif olub: “Görünür ki, 12 pillə geriləmək məsləsi ASAN-ı da narahat edib. Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov müsahibəsində bildirib ki, reytinqdə Azərbaycanın nəticələri ilə bağlı bağlı BMT-yə müraciət olunub. Müraciətdə metedologiyada tətbiq edilən yeniliklərə və Azərbaycanda görülən bəzi işlərin orada əksini tapmamamasına münasibət bildirilməsi istənilib. BMT-nin hesabatı reallığı əks etdirirmi və kimdir günahkar? Düşünürəm ki, reytinqdəki Azərbaycanla bağlı vəziyyət reallığı əsasən əks etdirir. Razılaşmaq olar ki, son zamanlarda görülən bəzi işlər, xüsusən də mobil həllər və Bakının rayonları xaric, regional e-xidmətlər həqiqətən nəzərə alınmayıb. Amma düşünmürəm ki, bunlar nəticəyə elə də ciddi təsir edəcəkdi. Həm də, görünür ki, digər ölkələr yatmayıb, daha üstün nəticələr qazanıb”.
O.Gündüz bildirib ki, nazirliklərdə rəqəmsallaşma və e-gov sahəsində işlər hədsiz ləng gedir: “Qurumlarda ən yaxşı halda rəqəmsal transformasiyaya cavabdeh şəxs İT şöbəsinin müdiridir. Hansı ki, o qonşu şöbənin xidmətini elektrona çevirmək üçün razılaşdıra bilmir. Nazirliklərdə e-xidmət , rəqəmsal tranaformasiya üzrə ən azı müavin səvissəində məsul şəxslər ayrılmalıdır. Son zamanlar açıq-aşkar hiss olunur ki eGov Mərkəzi kordinasiya işlərində irəli gedə bilmir. Qurum rəhbərləri sayğısızlıq edirlər. Əgər vətəndaş hansısa xidməti və ya informasiyanı tapa bilmirsə və ya effektiv üsullarla əldə edə bilmirsə, vətəndaş effektiv üsullarla qərar qəbulu prosesində və ictimaii nəzarətdə iştirak edə bilmirsə, hansısa nazirlik datanı inteqrasiya etmirsə ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzindən daha çox Prezident Admimistrasiyasının müvafiq şöbəsi ciddi düşünməlidir”.
“Kifayət qədər mötəbər hesab olunan BMT-nin bu nəhəng Hesabatı ciddi təhlil edilməli, qiymət verilməli, cavabdehlərdən hesabat tələb olunmalı, bütün maraqlı tərəflərlə birlikdə müzakirə edilməli və bu cür, yumşaq desək xoşagəlməz vəziyyəti düzəltmək üçün konkret cavabdehlər və vaxt göstərilməklə tədbirlər müəəyyən edilməlidir”, - deyə Osman Gündüz əlzvə edib.
Aytac Aslan
















