Turizm iqtisadi artım və inkişafın əsas hərəkətverici qüvvəsidir. Mən bizneslərin iqlim dəyişikliyi gündəliyinə, qlobal iqlim fəaliyyətinin bütün mərhələlərinə cəlb edilməsinin tərəfdarıyam, məhz buna görə də qlobal və milli iqtisadiyyatların xüsusi sektorlarına yönəlmiş tematik günlərin keçirilməsi çox vacibdir. Bu sektor birbaşa və dolayı yolla yüz milyonlarla insanın yaşayışını təmin edir.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bunu COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai turizm nazirlərinin görüşünün yekunu olaraq, DTA və BMT Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
“İqlim dəyişikliyi turizm sənayesinin bir hissəsinə təhlükə yaradır. Buna görə də turizm həm inkişaf, həm də gücləndirilmiş iqlim fəaliyyəti üçün bir fürsətdir. Azərbaycan öz turizm strategiyasında dayanıqlılığı inkişaf etdirib. Öz təcrübəsinə əsaslanaraq, COP29 Sədrliyi turizmdə dayanıqlılıq və davamlılığın təşviqinə diqqət yetirir. Biz ölkələri turizmi milli iqlim siyasətinə inteqrasiya etməyə çağırırıq”, - deyə o əlavə edib.