• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Niger uğrunda mübarizə: Fransa öz mövqeyini itirməkdədir

DÜNYA

10 Avqust 2023 | 13:36 | Müəllif: Qalib İbrahimoğlu

Niger uğrunda mübarizə: Fransa öz mövqeyini itirməkdədir

Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər Fransa və müttəfiqlərini ölkənin devrilmiş prezidenti Məhəmməd Bazumu azad etmək üçün hərbi əməliyyata başlamaq niyyətində ittiham ediblər.

Bakıvaxtı.az xatırladır ki, bu barədə qiyamçılar tərəfindən yaradılan Vətənin Xilaskarlığı Milli Şurasının sözçüsü polkovnik Amadu Abdraman deyib.

O bildirib ki, Fransa Nigerin işlərinə hərbi müdaxilə üçün imkanlar axtarır. Abdraman, Nigerin keçmiş xarici işlər və əməkdaşlıq naziri Asumi Məsud adından verilmiş sənədin əlində olduğunu iddia edib. Fransadan Nigerə hərbi müdaxilə ilə bağlı açıqlama gəlib. Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigerdəki üsyançıların Parisin hərbi müdaxilə hazırlaması ilə bağlı bəyanatlarını şərh edərkən deyib ki, Fransa Nigerə hərbi müdaxiləyə hazırlaşmır və ölkədə konstitusiya quruluşunun bərpasına ümid edir: “Biz bunun yalan olduğunu qəti şəkildə bildiririk”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Afrikada yeni müstəmləkəçilik dövrü başlayıb.

Ekspertin sözlərinə görə, Afrikanın yenidən kolonial bir rejimin məngənəsinə salmaq uğrunda mübarizə gedir: "Fransa Afrika ölkələrini çoxdan istismar edir. İndi müstəmləkəçilik savaşına Rusiya da qoşulub. ABŞ bu məsələyə "münsiflik" edir və proseslərə müdaxilə niyyətinin olmadığını göstərir. Ancaq Rusiya açıq şəkildə hərəkətə keçib. Moskva öz rəsmilərini Mərkəzi Afrika ölkələrinə, o cümlədən Nigerə göndərib”. Müsahibimiz bildirib ki, Fransa və Rusiya kimi ölkələrin Afrikanın kasıb dövlətlərinə verə biləcəkləri yaxşı heç nə yoxdur.

Politoloq qeyd edib ki, hər ikisinin məqsədi Nigerin və digər Afrika ölkələrinin zəngin təbii sərvətlərini mənimsəməkdir: “Fransa bunu uzun illərdir edir. Məsələ ondadır ki, illərdir əsarət altında yaşayan, müstəmləkəçiliyə məhkum edilmiş Afrika ölkələrində oyanış prosesinə imkan verilmir. Kənar dövlətlər bu proseslərdən öz maraqları naminə istifadə etməyə çalışırlar”.

Q.Hüseynliyə görə, hazırda Fransa Nigerdə öz mövqelərini itirməkdədir: “Hətta Fransa Senatının Alt Palatasının 50 deputatı Makron hökumətinə ultimatum veriblər ki, "Afrikadakı mövqeləri itirmək olmaz, bu, yolverilməzdir".

Həmsöhbətimiz vurğulayıb ki, adamı heyrətə düşürən və XVII-XIX əsrə aid olan bu təfəkkür hələ də qalmaqdadır: "Fransa hələ də müstəmləkə düşüncəsindədir. Əsrlər boyu Afrika ölkələrinə məşəqqət yaşadıblar, təzyiq altında saxlayaraq inkişaflarını boğublar. Fransa və Rusiya kimi dövlətlərin Afrika ölkələrini müasir sivilizasiyaya daşımaq niyyətləri yoxdur və olmayacaq. Bunun sübutu odur ki, əgər Fransanın belə bir məqsədi olsaydı, 150 illik müstəmləkə dövründə Niger inkişaf etmiş ölkəyə çevrilərdi. Niger və digər Afrika ölkələri demokratik mühitdən, sivil idarəetmədən və inkişafdan uzaq qalıblar. Müəyyən müddətdən bir hərbçilər qiyam edir və bir müddət sonra Fransa, Rusiya, ABŞ kimi ölkələrlə razılaşmağa məcbur olurlar. Xalq isə zülm altında inləyir, gün üzü görmür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026