Nigeriyanın mərkəzində yerləşən Plateau ştatında silahlı şəxslər hücumlar həyata keçiriblər.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, hücumlar nəticəsində azı 51 nəfər həlak olub, çox sayda insan yaralanıb.
İrigwe Region Gənclər Birliyinin Baş katibi Danjuma Dikson Auta açıqlamasında bildirib ki, hücumlar hələlik kimliyi müəyyən olunmamış silahlı şəxslər tərəfindən gecə saatlarında təşkil olunub. Onun sözlərinə görə, ilkin mərhələdə 47 nəfərin meyiti tapılıb, lakin ölənlərin sayı artmaqda davam edir.
Zike bölgəsinin rəhbəri Vakili Tonqve ölənlərin sayının 51-ə çatdığını, hücum zamanı çox sayda evin yandırıldığını və yerli sakinlərin ərzaq məhsullarının talan edildiyini bildirib. Hücumdan sonra kütləvi dəfn mərasimləri keçirilib.
Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.
Nuriyyə Musayeva