• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Novruz çərşənbələri başladı - Dərdləriniz sularda axsın, getsin!

CƏMİYYƏT

22 Fevral 2022 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Novruz çərşənbələri başladı - Dərdləriniz sularda axsın, getsin!

Bu gün Novruzun ilk çərşənbəsidir.

Bakıvaxtı.az xəbər verir ki, su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub.

Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar.

AMEA Arxeologiya, Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev Bakıvaxtı.az-a aıqlamasında su çərşənbəsi haqqında danışmadan öncə diqqəti bir neçə məsələyə çəkib. O, "niyə biz “çərşənbə” desək də əslində bu bala çilləni və ya mərasimi çərşənbə axşamı qeyd edirik" fikrinə aydınləq gətirib. Deyib ki, bir neçə yanaşma var və heç biri sonadək dəqiqləşməyib, suallar yaradır: "Biri budur ki, çərşənbə ağır gün olduğuna görə, bu çərşənbələr elə çərşənbə axşamı keçirilir. Digər bir yanaşmaya görə, burada miladi, hicri və s. təqvimlərin kəsişməsi var. Belə bir izah daha etibarlı görünür: Belə ki, Kiçik çillə qurtarıb Boz Ay başlayandan Novruz bayramınadək hər yeddi gündən bir havada dəyişikliklər (yəni sırf astronomik proseslər) özünü daha çox göstərir. Hər çərşənbə arasında Günəş Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. İlk bala çillədən hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik. Anadoluda da təxminən bizim doğruçu çərşənbələrimizə oxşayan “Cəmrə düşməsi” mərasimi var".

B.Əliyev bildirib ki, xalq təqviminə görə, Miladi təqvimlə 15 fevraldan qış hökmünü itirməyə başlayır. Bu tarixdən 5-6 gün sonra, yəni 21-22 fevralda - Boz ay başlayanda ilk cəmrə düşür: "Diqqətinizə çatdırmaq istədiyim ikinci mühüm məsələ Azərbaycan xalqının su ilə bağlı əfsanəsi ilə bağlıdır. Həmin əfsanədə deyilir ki, hər yer qaranlıq içində olanda Tanrı dünyanı sudan yaradıb. Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xan suya yalvarır: “Qara başım qurban olsun, suyum, sana!”, “Su Tanrını görüb”-deyir...Bəlkə də su çərşənbəsinin “Əzəl çərşənbə” adlanması da bu inancla bağlıdır. Dünyanın sudan yaranması ilə bir mox xalqların əfsanəsi var".

İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi Boz ayda keçirilən 4 doğruçu çərşənbədən ilkidir. Xalq arasında o, “birinci çərşənbə”, “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsində sular təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inamına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona vərənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, nəğmələr oxunur.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifologiyasında xüsusi yer tutur. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar.

Su ilə bağlı sınamalar: İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Çərşənbədə evə süpürgə çəkmək olmazdı.

Su ilə bağlı inanclar: Süfrəyə su dağılması aydınlıqdır. Su içən adamı qəfil vurmazlar. Su içən adamı danışdırmazlar. Lal axan sudan keçməzlər. Yuxuda su görmək aydınlıqdır. Səfərə çıxan adamın arxasınca su atarlar. Odu su ilə söndürmək günahdır. Su ilə bağlı atalar sözləri: Suyun lal axanı, adamın yerə baxanı. Su bir yerdə qalanda iylənər. Su gələn arxa bir də gələr. Su səhəngi suda sınar. Su murdarlıq götürməz.

Su ilə bağlı türkəçarələr: Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar. Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər. Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.

Su ilə bağlı tapmacalar: Ay gedər, ha il gedər, Gecə gündüz yol gedər.

Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Su çərşənbəniz mübarək!

Dərdləriniz sularda axsın, getsin!

Çaylarımız axsın, bulaqlarımız çağlasın!

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR