Son günlərin aktual mövzularından biri də yol qəzalarıdır. Statistikaya görə 2021-ci ilin 9 ay ərzində yol-nəqliyyat hadisələrində 504 nəfə həlak olub, 1043 nəfər yaralanıb. Bu müharibədə şəhid vermiş, qazisi olan ölkə üçün böyük rəqəmdir. Həm də pandemiyanın tüğyan etdiyi, yoluxan və ölənlərin sayının hər gün artdığı bir dövrdə.
DYP-nin statistikasına görə qəzaların əsas səbəbkarları – 96.5%-lə sürücülərdir. Kimisi sürət həddini aşaraq, kimisi sərxoş halda, kimisi yataraq qəza törədirlər.
Son günlərdə də şəhid xanımının avtomobil qəzasında həlak olmağı və üç balasının həm atasız, həm də anasız qalması hamımızın ürəyini dağladı.
Bəs günahkar kimdir və səbəb nədir?! Son zamanlarda baş verən bu hadisələrdə hamımız günahkarıq. Çünki qayda-qanunu pozanlar arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri var. Ona görə də heç kim yaxasını kənara çəkməsin. Əvvəlcə piyadalardan başlayaq. Piyadalar öz həyatlarını təhlükəyə atdıqlarını düşünmədən, onlar üçün nəzərdə tutulan zolaqlardan, yeraltı və ya yerüstü keçidlərdən istifadə etmir, yolu istədikləri yerdən, istədikləri kimi keçirlər. Bəzi piyadalar işıqforlar olsa da, olmasa da piyada keçidinin hər zaman “haqlı” olduğunu düşünürlər. Hətta bəziləri piyadalar zolağını podium zənn edərək əda və işvə-nazla, göz süzdürərək, bəziləri bütün problemlərinin səbəbkarı sürücüymüş kimi bütün aqressiyasını püskürtməyə hazır, bəziləri də ayaqları sanki asfalta yapışırmış kimi keçirlər. Bir də özünü yola atan “reket” piyadalar var təbii ki. Onlar da bir başqa mövzudurlar.
Günahkarlar arasında ictimai nəqliyyatın “qoçu” sürücüləri də çoxdur. Bəzən sürdüklərinin ictimai nəqliyyat və yarış maşını olmadığını unudur, bəzən də özlərini kabinetlərində kresloda oturmuş harın məmur, sərnişinləri isə qəbuluna gəlmiş “qara” camaat sanaraq kobudluq edənləri da az deyil. Onlar sərnişinlərin həyatının onlara əmanət edildiyini unudur, sürət həddini aşır, istədikləri yerdə saxlayır və qaydaları pozurlar.
Ara sıra saytlardan boynuyoğun məmurların, harınlamış məmur balalarının, qudurğan məmur törəmələrinin yollarda göstərdikləri “rəşadətləri” oxuyuruq. Yaxın günlərdə Bakıda marketlər şəbəkələrindən birində beş manatlıq oğurluq edən şəxsin səkkiz il yarım həbs cəzası aldığını oxuduq. Amma təəssüf ki, bəzən də yenə də mətbuatdan insan ölümünə səbəb olmuş “gül bala”ların cəzasız qaldığını da təəssüflə oxuyuruq. İnanıram ki, bizim bütün bu oxuduqlarımız aysberqin görünən balaca bir hissəsidir. Bəzən bu harınların avtomobillərini istədikləri yerdə, yol ortasında, avtobus dayanacağında saxlayıb işlərinin dalınca gedir, onlara söz deyənə isə elə çəmkirirlər ki, sanki yol onların dədəsinin dədəsindən qalıb.
Bir az da yol polislərindən bəhs etmək istərdim. Son zamanlar yollarda “balkonsuz” və gənc yol polislərinin görünməsi təqdirə layiq hal olsa da, onları lazım olan yerlərdə, tıxacların olduğu və işıqforların işləmədiyi yerlərdə nadir görürük. Onlar əsasən sürücülərin hələ xəbərsiz olduğu yeni yol işarəsi qoyulmuş və ya sürücülərin görmə məhdudiyyətində olan yerlərdə “keşik” çəkirlər. Xarici ölkələrdə yol polislərinin sadəcə xəbərdarlıq etdiyi məqamlarda bizimkilər mütləq cərimə yazırlar. Yol polislərinin tıxacda hərəkəti tənzimləmək əvəzinə, vəzifələrini unudaraq sayrışan işıqları yandırıb tıxaclardandan “sürüşüb”, bəzən də tərs yönə hərəkət edərək çıxdıqlarını da çox görmüşük.
Şəhərimizin ən böyük problemlərindən biri də parklamadır. Burada sürücüləri də qınaya bilmirik bəzən. Çünki yeni binaları tikərkən qazancları daha çox olsun deyə inşaat firmaları avtomobil saxlamaq üçün yer saxlamır, qarajları isə mənzillərdən ayrı satdığı və ya obyektə çevirdiyi üçün sakinlər, qonaqlar, iş yeri sahibləri və ziyarətçilər avtomobillərini yol kənarında saxlayır, hərəkətə mane olurlar. Hətta avtobus dayanacaqlarında belə avtomobil park edilir. Əsasən də taksilər dayanacaqlarda iki hətta üç sıra şəklində dayanır və ictimai nəqliyyata maneçilik törədirlər. Təbii ki, taksi sürücüləri haqqında yazmasam olmaz. Dolanışıq üçün rayondan Bakıya gəlmiş, borc-xərc maşın və sürücülük vəsiqəsi alan bu “qoçaqlarla” hamımız tez-tez rastlaşırıq. Əsasən gənclərdən ibarət olan bu sürücülər yollarda əsl xuliqanlıq edirlər.
Cəzasızlıq isə cəmiyyətdə nizam-intizamsızlıq və xaosa səbəb olur. Təəssüf olsun ki, ölkəmizdə xaricdə çox gördüyümüz ictimai qınaq yoxdur. Qanun-qaydaları pozanlar cəmiyyətin etirazını görsələr vəziyyət daha fərqli olar bəlkə də. Tıxacların səbəblərindən biri də ictimai qınaq və əsasən də sürücü mədəniyyətinin olmamasıdır. Hamı birinci keçməyə çalışdığı və hətta qarşı yönə çıxdığı üçün yollarda tıxaclar düyünlənir, heç kim bir-birinə yol vermir. Və nəticədə hamının saatlarla tıxacda qalmaqdan əsəbləri gərilir.
Bir sözlə, yaşından, cinsindən, irqindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs qanunlara tabe olmalıdır. İnsanlar hər səhər iş, təhsil, dolanışıq arxasınca kəfəni boynunda getməməlidirlər. Qanunlar cəmiyyətin yalnız aşağı təbəqəsinə tətbiq edilməməlidir. Çünki insan həyatı hər şeydən daha dəyərlidir və bu insanlar bizim ölkənin vətəndaşlarıdır. Vətən müharibəsində canından və sağlamlığından keçən vətəndaşlarımız həm də...
Dr. Kəmalə Ələkbərova,
Azərbaycan Dövlət Tərcümə Mərkəzi
Bakıvaxtı.az
















