Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.
Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.
***14:10
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.
Qeyd olunub ki, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.
"Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə birgə məlumatda bildirilir.
Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.
















