Dünya neft bazarındakı son vəziyyət qeyri-sabit və gərgin olaraq qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib. O bildirib ki, vəziyyətin bu səviyyədə təlatümlü olması ABŞ-ın müxtəlif ölkələrə tətbiq etdiyi tariflərlə birbaşa əlaqəlidir.
"Bu rəqəmlər bizim üçün, xüsusilə də dövlət büdcəsinin formalaşması baxımından olduqca önəmlidir. Hazırda bazardakı proseslər son dərəcə emosional və qeyri-müəyyən xarakter daşıyır. Biz vəziyyəti ciddi şəkildə izləyirik", – deyə Kremlin sözçüsü qeyd edib.
Peskov həmçinin əlavə edib ki, Rusiya hökuməti mövcud mənfi iqtisadi təsirləri minimuma endirmək üçün lazımi addımları atmaqdadır.
Kreml nümayəndəsi həmçinin İranla nüvə məsələləri üzrə əməkdaşlıq mövzusuna da toxunub. İran və Çinlə qarşılıqlı əlaqələrə dair sualı cavablandıran Peskov bu məsələyə dair ətraflı məlumatın Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilməsinin daha məqsədəuyğun olduğunu bildirib. O əlavə edib ki, Moskva İran tərəfi ilə daimi təmasdadır və bu istiqamətdə məsləhətləşmələr davam edir.
Əli Hüseynov