Xəbər verdiyimiz kimi, Şahbuzda istirahət mərkəzində su üzərində olan platforma aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Baş verən bu hadisə mövcud olan bu kimi obyektlərdə təhlükəsizlik məsələsini gündəmə gətirib.
Bəs, ölkəmizdə, xüsusən də bölgələrimizdəki belə məkanlarda təhlükəzlik tədbirlərinə nə dərəcədə əməl olunur?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, istirahət mərkəzlərində qurulan belə platformalar təhlükəsizlik baxımdan ciddi nəzarət tələb edir.
O.Musayev hesab edir ki, ilkin ehtimallara görə, gölməçə üzərində platforma texniki norma və qaydalara uyğun qurulmayıb və ya vaxtında mütəmadi texniki baxışdan keçirilməyib.
Orxan Musayev: Belə obyektlərdə insanların həyatı və sağlamlığının birinci yerdə olmalıdır
Ekspert onu da qeyd edib ki, daşıyıcı hissələrin zəifliyi, yükləmə həddinin düzgün hesablamaması və ya mütamadi texnik yoxumaların aparılmaması bu hadisənin əsas səbəblərindən biri ola bilər.
Müsahibimiz vurğulayıb ki, belə obyektlərdə insanların həyatı və sağlamlığı birinci yerdə olmalıdır. Dediyinə görə, hər hansı bir platforma və ya atraksion istismara verilən kimi daimi texniki baxışdan keçirilməli, daşıma qabiliyyəti və möhkəmliyi ilə bağlı mütamadi yoxlamalar təşkil olunmalıdır:
“Təhlükəsizlik tələblərinə əməl olunmadıqda isə təəssüf ki bu cür faciəvi nəticələr qaçılmaz olur”.
Həmsöhbətimiz xəbərdarlıq edib ki, gələcəkdə oxşar hadisələrin qarşısının alınması istiqamətində bütün istirahət obyektlərində ciddi texniki nəzarət sistemi qurulmalıdır. O.Musayev əlavə edib ki, müstəqil ekspertizalar keçirilməli və hər bir qurğunun təhlükəsizliyi təsdiq edildikdən sonra istifadəyə verilməlidir:
“Bütün bunlar həm insanların təhlükəsizliyi, həm də belə müəssisələrin məsuliyyətli fəaliyyəti üçün vacibdir”.
Mina Mikayılova