• Bakı 28° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

 Psixoloq: “Oyun oynamağın yaşı yoxdur”

CƏMİYYƏT

22 Iyul 2026 | 15:39

 Psixoloq: “Oyun oynamağın yaşı yoxdur”

"Oyunlar təkcə uşaqların deyil, böyüklərin də psixoloji rahatlığı və intellektual inkişafı üçün faydalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, oyunların forması yaşa uyğun dəyişsə də, insan həyatında oyun həmişə öz yerini qoruyur.

“Kiçik yaşlı uşaqlar daha çox ailədə gördükləri davranışları oyunlarında canlandırırlar. Məktəbəqədər dövrdə isə uşaqların fantaziyası genişlənir və oyunların məzmunu da zənginləşir. Bununla belə, oyun yalnız uşaqlıq dövrünə aid deyil, insanın bütün həyatı boyu davam edə bilər”, - deyə psixoloq bildirib.

Elnarə Baxışlı qeyd edib ki, böyüklər arasında domino, loto, nərd və digər stolüstü oyunların populyarlığı da bunun göstəricisidir. Dediyinə görə, bu cür oyunlar emosional gərginliyi azaltmağa, insanların sosiallaşmasına və gündəlik stresdən uzaqlaşmasına kömək edir. Hər bir insanın onu rahatlaşdıran və müsbət emosiyalar bəxş edən məşğuliyyəti olmalıdır.

Psixoloq bildirib ki, xüsusilə intellektual oyunlar yaş artdıqca beyin fəaliyyətinin aktiv saxlanılmasına müsbət təsir göstərir.

“Sudoku, krossvord, söz tapma kimi oyunlar düşünmə qabiliyyətini inkişaf etdirir və zehni aktivliyi dəstəkləyir. Əgər oyun aqressiya, məcburiyyət və ya zərərli davranışlar yaratmırsa, istənilən yaşda faydalıdır. Bu marağı bölüşəcək bir insanın olması isə əlavə psixoloji rahatlıq və xoşbəxtlik hissi yaradır”, - deyə Elnarə Baxışlı əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026