Sosial şəbəkələrdə uşağın əlində pult partlaması ilə bağlı görüntülər yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, valideyn video paylaşaraq valideynləri diqqətli olmağa çağırıb.
Belə təhlükələr hansı hallarda baş verə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, litium batareyalarla təchiz olunmuş elektron cihazlar, əgər keyfiyyətsizdirsə, zədələnibsə və ya istiyə, nəmə məruz qalıbsa, qızaraq partlaya bilər.
Onun sözlərinə görə, bu problem əsasən ucuz, sertifikatsız və keyfiyyətsiz məhsullarda müşahidə olunur.
O.Musayev qeyd edib ki, uşaqlar bu cihazlarla oynadıqda batareyaya təsadüfən zərər yetirə və təhlükəni aktivləşdirə bilərlər:
“Bu tip batareyalar televizor və kondisionerlərin pultlarında, oyuncaqlarda, əl fənərlərində, saatlarda və digər gündəlik istifadə olunan avadanlıqlarda olur. Litium batareyalar kompakt quruluşda olsa da, düzgün istifadə edilmədikdə kiçik bombaya çevrilə bilər”.
Orxan Musayev: Bu problem əsasən ucuz, sertifikatsız və keyfiyyətsiz məhsullarda müşahidə olunur
Müsahibimiz nəzərə çatdırıb ki, ucuz və sertifikatsız elektron məhsullardan istifadə edilməməli, cihaz zədələnibsə və ya suya düşübsə, dərhal istifadəsi dayandırılmalıdır:
“Xüsusilə batareyada şişmə, deformasiya müşahidə olunursa, həmin cihazdan uzaq durmaq tövsiyə olunur. Bu, artıq ciddi təhlükənin xəbərçisidir”.
Ekspert həmçinin xəbərdarlıq edib ki, uşaqların litium batareyalı cihazlarla oynamasına qəti şəkildə icazə verilməməlidir:
“Bəzən insanlar ucuz məhsul almaqla, fərqində olmadan ətrafdakıların həyatını riskə atmış olurlar. Bu cür halların qarşısını almağın yeganə yolu maarifləndirmə və məhsul seçərkən diqqətli davranmaqdır”.
Mina Mikayılova