Son günlər cəmiyyətdə və sosial şəbəkələrdə gedən müzakirələr onu göstərir ki, qadınların pensiya yaşının azaldılması əsas tələblərdən birinə çevrilib. Zaman-zaman bununla bağlı Milli Məclisdə təkliflər də səsləndirilib. Ümumiyyətlə, əhali üçün pensiya yaş həddinin azaldılma ehtimalı nə qədərdir?
Bu barədə Bakıvaxtı.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisə daim təkliflər irəli sürülüb:
“Bu təklifi parlamentdə elə ən çox mən irəli sürmüşəm. Çünki “Pensiya islahatı” adı altında yaş həddinin qaldırılmasına etiraz elədik. Lakin çox təəssüf ki, etirazlarımız qəbul edilmədi. Pensiya yaşının azaldılması qadınlar və ümumilikdə götürəndə, əhali üçün mühüm əhəmiyyət kəsb edir. Düzdür, deyirlər ki, pensiyaya çıxandan sonra insanlar hələ 12 il də yaşayır, azərbaycanlılar uzunömürlüdür. Amma çox təəssüf ki, koronavirusa görə, nə qədər insan rəhmətə getdi. Ona görə də, mən hesab edirəm ki, bu məsələyə baxılmalıdır. İnsanların indiki yaşayış tərzinə baxanda demək olur ki, əhalinin doğrudan da buna ehtiyacı var”.

Deputat hesab edir ki, pensiya yaşı azaldılsa, bu, hər iki tərəf - həm qadın, həm də kişilər üçün tətbiq olunmalıdır: "Hesab edirəm ki, kişilər üçün pensiya yaş həddi 63, qadınlar üçün isə 60-a endirilməlidir”, - deyə Vahid Əhmədov əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov isə Bakıvaxtı.az-a bildirib ki, bütövlükdə son əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklər və təklif olunan yeni layihə ondan xəbər verir ki, bu istiqamətdə islahatlar davam etdirilir:
“Xüsusilə, pensiya kapitalının daha ədalətli bölüşdürülməsi ilə bağlı islahatlar davam etdirilir. Biz komitə iclaslarında da müzakirə zamanı qeyd etdiyimiz kimi, islahatların davam etdirilməsi prioritetdir. Xüsusən də, əmək pensiyası sahəsində islahatların genişləndirilməsi ilə bağlı da yeni təkliflərimizi təqdim etmişik. Bizim bütövlükdə təklifimiz ondan ibarətdir ki, pensiya yaşı kişilər və xanımlar üçün fərqləndirilsin. Xüsusən, qadınların daha tez pensiyaya çıxması məqsədəuyğun olardı”.

Deputat bu təklifini belə izah edib ki, qadınların yaşı çoxalanda onların daha çox sosial yardıma ehtiyacı olur:
“Ona görə də, məqsədəuyğundur ki, kişilərlə qadınların pensiya yaşı arasında fərq olsun. Nəzərə alsaq ki, qadınların sosial müdafiəsi prioritet məsələlərdəndir. Bu konstekstən də, biz differensial yanaşmanın tətbiqinin tərəfdarıyıq”.
Qeyd edək ki, hazırda pensiya yaş həddi kişilər üçün 65, qadınlar üçün 63-dür.
Nuranə Daxilqızı
















