“Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi (ASM) olacaq və burada həm ilkin, həm də ikinci, üçüncü səviyyəli səhiyyə xidmətləri göstəriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində klinikanın baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, universitetin tələbələri ASM təcrübəsini, sadəcə klinikanın Ailə Sağlamlıq Mərkəzində deyil, Qarabağ regionundakı bütün ASM-lərdə keçəcəklər: “ASM təcrübəsi qazanmaq, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq. Təbii ki, bizim fərqli bölümləri olan öz xəstəxanamız var, orada onlar kifayət qədər təcrübə qazanacaqlar. Amma ASM təcrübəsi, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq.
Qarabağda – Bərdə, Ağdam, Laçın, Zəngilanda, Xankəndi və onun ətrafındakı ərazidə tibbi xidmət göstərən bütün ASM-ləri də tələbələrimizin təcrübə keçəcəyi yer kimi görürük. Bu yolla həm icmaya töhfə verəcəklər, həm də əla öyrənmək imkanlarından istifadə edəcəklər. Biz onları həmin mərkəzlərə tam hazırlıqlı göndərəcəyik. Simulyasiya mərkəzində öyrənəcək, öz xəstəxanamızda mütəxəssislərimizin nəzarəti altında öyrəndiklərini tətbiq etdikdən sonra ASM-lərdə işləyib orada həkimlərə kömək edəcəklər. Beləliklə, tələbələrimiz təcrübəsini ASM-lərdə icma ilə bərabər keçəcəklər. Bu, tələbələrimizin müstəqil həkim kimi yetişməsinə imkan yaradacaq. Onlar ASM-lərdə təcrübəli həkimin nəzarəti altında müstəqil işləyəcəklər”.