• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

"Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi - YENİLƏNİB

İDMAN

17 Avqust 2022 | 22:38

Qarabağ Viktoriya ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçda əla başlayan “köhlən atlar” 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Lakin qonaqların qapıçısı Yindrjix Stanek ardıcıl 3 epizodda əvvəl Marko Veşoviçin, ardınca isə Marko Yankoviç və Bədavi Hüseynovun zərbəsini dəf edib. Cəmi 5 dəqiqə sonra Veşoviçin sağ cinahdan iti ötürməsinə Abdullah Zubir toxuna bilməyib. 21-ci dəqiqədə rəqibin küc zərbəsi zamanı Ağdam klubunun futbolçuları topu qapı xəttindən çıxarıblar. 23-cü dəqiqədə meydanda insident baş verib. Qonaqların futbolçusu Con Moskera Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb. Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb. 27-ci dəqiqədə rəqibi əks hücumda yaxalayan Zubir bir ötürmə ilə Vadjini qolkiperlə təkbətək qoysa da, seneqallı forvardın zərbəsini Stanek ayaqları ilə çıxarıb. 34-cü dəqiqədə Plzen təmsilçisindən Pavel Buxa yaxın məsafədən topu qapıdan keçirə bilməyib. 42-ci dəqiqədə Ramil Şeydayevin zərbəsi zəif alındığından, qapıçı topu asanlıqla tutub. 45-ci dəqiqədə Toral Bayramov iti bucaq altından qapını nişan alsa da, hədəfdən yayınıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

İkinci yarıda da üstünlük “Qarabağ”ın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi, 47-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsi qapının üstündən keçib. Zubir 58 və 62-ci dəqiqələrdə qapı istiqamətində zərbə endirsə də, qolkiper hesabın açılmasına imkan verməyib. 73-cü dəqiqədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 oyunçu dəyişikiyinə əl atıb. O, passivlərində sarı vərəqələri olan Yankoviçi Riçard Almeyda ilə, Vadjini isə Kvabena Ovusu ilə əvəzləyib. 75-ci dəqiqədə Vatslav Yemelkanın zərbəsində dəqiqlik çatmayıb. 83-cü dəqiqədə ikinci hissədə meydana daxil olan Filip ozobiçin qüvvətli zərbəsini Stanek çətinliklə dəf edib. 88-ci dəqiqədə Kadi Borgesin vurduğu top tirin üstündən keçib. Beləliklə, ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


***
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.

***

Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandasının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

"Viktoriya": 36. Yindrjix Stanek, 2. Lukaş Heyda, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel

Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu N Diay

Baş məşqçi: Mixal Bilek

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.


SON XƏBƏRLƏR

02 Iyul 2025