• Bakı 21° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Sülhməramlıların Qarabağa dönüşü gözlənilir? - AÇIQLAMA

SİYASƏT

20 Sentyabr 2024 | 09:13

Sülhməramlıların Qarabağa dönüşü gözlənilir? - AÇIQLAMA

Qarabağ məsələsi sülh dövründə də həssas məsələ olaraq qalmaqdadır. Üçtərəfli razılaşma nəticəsində Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi münaqişənin dayandırılmasında mühüm rol oynadı.

Lakin cari dövrə qədər Cənubi Qafqazda dəyişən geosiyasi mənzərə, Azərbaycanın suverenliyinin təmin edilməsi ilə bağlı məsələlər, Ermənistanla davam edən sülh prosesi və xarici aktorların regiondakı maraqları Qarabağa yenidən sülhməramlı qoşunların daxil ola biləcəyini gündəmə gətirir.

Qarabağa sülhməramlı qoşunların daxil olma ehtimalı varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a fikirlərini bölüşən ehtiyatda olan zabit, Silahlı Qüvvələr Veteranı Elşad Hüseynov bildirib ki, birinci məqamda, sülhməramlıların daxil olmasının səbəblərini müəyyənləşdirmək üçün bölgədəki təhlükəsizlik məsələlərinə nəzər yetirilməlidir:

“Hazırkı mərhələdə, Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edib və regionda sabitliyi qorumağa çalışır. Lakin Ermənistanla sülh danışıqları hələ tam nəticə verməyib və bu prosesdə müəyyən çətinliklər yaşanır. Ermənistan daxilində siyasi qarışıqlıqlar və təzyiqlər Paşinyan hökumətinə əlavə yük yaratmaqda davam edir. Digər tərəfdən, bəzi erməni qruplarının və separatçıların hələ də silahlı şəkildə fəaliyyət göstərdiyi barədə iddialar mövcuddur ki, bu da təhlükəsizlik baxımından yeni tədbirlərin görülməsini zəruri edə bilər. Əgər gərginlik təzədən artarsa və lokal toqquşmalar baş verərsə, sülhməramlı qoşunların daxil olması müzakirə predmeti ola bilər”.

Ehtiyatda olan zabit bildirib ki, proseslərin hansı yöndə davam edəcəyi böyük güclərin regiondakı maraqları ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya sülhməramlıları üçün hələ də Qafqazdakı strateji mövqelər önəm kəsb edir və bu qüvvələr həm də regionda balans rolunu oynayırdı. Rusiya regiondan geri çəkildikdən sonra bu, Türkiyə və Avropa İttifaqının regionda baş verən hadisələrdə daha fəal iştirakını stimullaşdıra bilər. NATO və Avropa İttifaqı da burada fəallaşa bilər, çünki onlar Azərbaycan-Ermənistan sülh prosesinin uzunmüddətli sabitliyini təmin etmək üçün tərəfdaşlıqda maraqlıdırlar.

Elşad Hüseynov qeyd edib ki, beynəlxalq hüquq və təşkilatların yanaşması qeyd edilməlidir:

“Qarabağ ərazisi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir. Buna görə də, sülhməramlı qoşunların yenidən daxil olması məsələsi ilk növbədə Azərbaycanın razılığı və beynəlxalq təşkilatların qərarına bağlı olacaq. Bu kontekstdə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların regionda sülhməramlı missiyaların rolunu artırmaq üçün yeni təşəbbüslər göstərməsi mümkün görünür”.

Son olaraq hərbçi diqqətə çatdırıb ki, sülhməramlıların daxil olması Azərbaycanda ictimai rəyə təsir edəcək:

“Azərbaycan ictimaiyyəti Qarabağın işğaldan azad edilməsini milli qürur məsələsi olaraq qəbul edir və yenidən xarici qüvvələrin bölgəyə daxil olması müəyyən mənfi reaksiyalara səbəb ola bilər. Buna görə də, bu məsələdə ictimai rəyin həssaslığı nəzərə alınmalıdır”.

Qarabağa yenidən sülhməramlı qüvvələrin daxil olması ehtimalı çoxfaktorlu prosesdir. Ermənistanla sülh danışıqlarının gedişi, bölgədəki təhlükəsizlik məsələləri, böyük güclərin maraqları və beynəlxalq təşkilatların rolu bu prosesin inkişafında əsas rol oynayacaq. Lakin Azərbaycanın suverenliyi və Qarabağın tam inteqrasiyası məsələsi həllini Geosiyasi vəziyyət dəyişdikcə bu məsələ daha da aktuallaşa bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Sentyabr 2024