Məlum olduğu kimi, ötən ilin yanvar ayının 6-da Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə açıq səma altında muzeylərin yaradılması barədə göstəriş verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır: “Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır”.
Prezident bu muzeylərin konsepsiyasını işləməyi tapşərəb: “Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunmalıdır. Eyni zamanda, hər bir şəhərin, hər bir rayonun öz təqdimatı orada göstərilməlidir ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik”.
Məsələ ilə bağlı Bakıvaxtı.az olaraq Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq Nazirlikdən bildirildi ki, sözügedən məsələ ilə bağlı hələ müzakirələr aparılır.
“Bununla bağlı rəsmi qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək”, - deyə Mədəniyyət Nazirliyindən qeyd edilib.
Nuranə Daxilqızı
















