Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev vəzifəsindən azad edilib və rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinə istinadən məlumat yayıb.
"Rüşvət almaqda şübhəli bilinən nəqliyyat nazirinin müavini Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb və həbs edilib", - məlumatda bildirilib.
Ötən gün Baş nazir Oljas Bektenov aidiyyəti nazirlikləri gömrük xidmətinin işinin zəif təşkilinə, həmçinin Rusiya və Qırğızıstanla sərhəddəki avtomobil keçid məntəqələrinin təmirinin gecikdirilməsinə görə tənqid edib. O, işin lazımi şəkildə təşkil edilməməsinə görə Dövlət Gəlirləri Komitəsi və Avtomobil Yolları Komitəsinin rəhbərlərinin cəzalandırılmasını tapşırıb.