• Bakı 20° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR

CƏMİYYƏT

07 Oktyabr 2025 | 11:08

Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR

Son zamanlar ürək tutması nəticəsində baş verən qəfil ölümlərin artması müşahidə olunur. Bu hallar təkcə yaşlılar arasında deyil, gənclər və orta yaşlılar arasında da qeydə alınır.

Bəs, bu artımın səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən mütəxəssis-kardioloq Emil Hasilov bildirib ki, bunun başlıca səbəbi payız aylarında havanın və fəslin dəyişməsi, istirahət və yay tətili sonrası işə adaptasiyada çətinlik, stress, xronik yorğunluq, depressiya və s. hallarıdır.

Onun sözlərinə görə, sosial faktorlar, məsələn, məşhur birinin qəfil vəfatı kimi hadisələr də insanlarda həyəcan və stressi artıraraq, risk qrupunda olanlarda ürək problemlərini daha da sürətləndirə bilər.

Mütəxəssis qeyd edib ki, risk qrupuna aşağıdakı şəxslər daxildir:

1. İrsi anamnezində (ata, ana, 1-ci dərəcəli yaxın qohumlarında ürək xəstəliyi infarkt, qəfləti ürək ölümü, ürəyin işemik xəstəliyinə bağlı stent və ya koronar şuntlama-AKŞ əməliyyatı və s.) olan, zərərli vərdişləri olan, sağlam həyat tərzi olmayan, fiziki aktivliyi çox az olan orta yaşlı və yaşlı insanlar;

2. 10 ildən artıq tip-2 şəkərli diabet və arterial hipertenziyadan əziyyət çəkən xəstələr;

3. Uzun müddətli zərərli vərdişləri (siqaret, narkotik, alkoqol asılılığı) olan insanlar;

4. Ürək-damar, arterial hipertenziya, şəkərli diabet xəstəliyi təsdiqlənmiş, hər hansı bir açıq ürək əməliyyatı, koronar stentləmə olunmuş və hazırda hər hansı bir müalicə almayan, həkimdən xəbərsiz müalicəsini özbaşına dayandıran xəstələr;

5. Yaşı 70-dən çox olan insanlar.

“Bu siyahını təəssüf ki, daha da uzatmaq olar,” - deyə Emil Hasilov qeyd edib.

O əlavə edib ki, COVİD-19 virusu əleyhinə aparılan vaksinasiya sonrası bir çox tromboz halları (pulmonar arteriya tromboemboliyası, dərin vena trombozu, insult, infarkt) ilə qarşılaşılıb:

“Amma artıq vaksinasiyadan təxminən 3 ildən çox vaxt keçib və bu haqda nəsə demək üçün mütləq şəkildə vaksinasiya olan və olmayan insanlar arasında böyük bir klinik araşdırma aparılmalı və bu dəqiqləşdirilməlidir ki, əlimizdə sübut olsun. Sübutsuz nəsə danışmaq doğru olmaz”.

Emil Hasilov: Son günlər gənc pasiyentlər arasında da bəzi “atipik” şikayətlər müşahidə olunur

Müsahibimiz nəzərə çatdırıb ki, əgər risk faktorlarından biri olan şəxs gündəlik fiziki aktivlik zamanı məsələn, sürətli yeriyərkən, pilləkən qalxarkən və ya idman edərkən sinədə göynəmə, təngnəfəslik, boğulma, tez yorulma və ürəkdöyünmə hiss edirsə və bu şikayətlər 3-5 dəqiqə istirahətdən sonra keçirsə, artıq ürək xəstəliyindən şübhələnmək lazımdır:

“Bundan əlavə ciddi risk qrupunda olan insanlarda fiziki aktivlik olmadan belə emosionaı gərginlik, təzyiqin yüksəlməsi fonunda yuxarıda sadaladığım şikayətlərdən biri və ya bir neçəsi yaranarsa tez müddətdə kardioloqa müraciət etməyi tövsiyə olunur”.

Emil Hasilov onu da bildirib ki, son günlər gənc pasiyentlər arasında da bəzi “atipik” şikayətlər müşahidə olunur:

“Sinədə sancma, iynə batma hissi, kürəkdə ağrılar (xüsusilə əyiləndə, dönəndə, çiyin üstə yatanda artan), sol qolda keyimə və s. hallar əksər vaxt ürəklə bağlı olmur. Belə simptomlar müşahidə edən gənclər ilk növbədə nevroloq və ya psixoterapevtə müraciət etməlidirlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Oktyabr 2025