• Bakı C

    15.03 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Novruz və Ramazan bayramları üst-üstə düşərsə… Nə yeyək, necə yeyək?

CƏMİYYƏT

19 Mart 2025 | 14:38

Novruz və Ramazan bayramları üst-üstə düşərsə… Nə yeyək, necə yeyək?

Novruz və Ramazan bayramı ilə əlaqədar sabahdan 12 günlük qeyri-iş günləri başlayır.

Novruz bayramı təkcə adət-ənənələrlə deyil, həm də şəkərbura, paxlava, qoğalın bəzədiyi bol süfrələrlə qeyd olunan bir bayramdır.

Uzun müddət evdə qalmaq və həddindən artıq yemək isə sağlamlıq üçün bir çox problemlər yarada bilər.

Bəs, bu müddət ərzində necə qidalanmalıyıq ki, sonra çətinliklə qarşılaşmayaq?

Ləman Süleymanova: Bayramı ürəklə qeyd edən insanlarda hər zaman ay boyunca çəki artımı müşahidə olunur

Mövzu ilə bağlə Bakıvaxtı.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, Azərbaycan xalqı bütün bayramları xüsusilə qeyd edir. Amma Novruz bayramı bizim sevdiyimiz bayramlardan biridir və yeganə bayramdır ki, hətta bir ay boyunca evlərdə hazırlıq olur. Hər çərşənbələr müxtəlif şirniyyatlar bişirilir. Novruz bayramı bir günün deyil, bir ayın bayramıdır.

Dietoloq Azərbaycan mətbəxinin, ənənəvi qidalarının hamısının zəngin kalorili qidalar olduğunu qeyd edir. Onun sözlərinə görə, bayramı ürəklə qeyd edən insanlarda hər zaman ay boyunca çəki artımı müşahidə olunur.

L.Süleymanova bildirib ki, istər bayram, istərsə adi günlərdə normadan çox qidalanma orqanizmə mənfi təsir göstərir.

Bütün gün ərzində passiv həyat tərzi sürən və yaxud oruc tutan insanlarda gün ərzində mədənin rahat olduğunu söyləyən müsahibimiz vurğulayıb ki, axşam saatların çox yemək orqanizmə çox mənfi təsir göstərə bilər:

“Məsələn, arterial təzyiqi yüksək olan insanlarda, eyni zamanda şəkər xəstələri, mədə bağırsaq xəstəliyindən əziyyət çəkən insanlarda problemlər yaradır. Bayramlarda aşırı dərəcədə qidalanma, normadan çox yemək mədə-bağırsaq sistemində diskomforta səbəb olur, yəni qidanın həzmini, gecləşdirir. Eyni zamanda şəkər xəstələrinin axşam saatlarında xüsusilə ağır kalorili qidalar qəbul etməsi qanda şəkərin miqdarını artırır, təzyiqi artırır. Eyni zamanda həzm prosesini ləngidir və mədə-bağırsaq xəstəliyinə gətirib çıxara bilər. Bunun hətta həyatı təhlükəsi olur”.

Mütəxəssis məsləhət görüb ki, səhər saatlarında mütləq acqarına su içmək, meyvə-tərəvəzi günün birinci yarısı yemək lazımdır. O izah edib ki, bəzi insanlar ağır kalorili qidalardan sonra meyvə, tərəvəz yeyirlər ki, bu qidanın həzmini daha da gecləşdirir, köp əmələ gətirir.

“Axşam saatlarında masa arxasında əyləşərkən qida mədəniyyəti olmalıdır. Tələsərək yemək olmaz. Daha yüngül qidalardan başlayıb, sonra yavaş-yavaş maraqlı qidaların dadına baxa bilərsiniz. Amma qidanı yaxşı çeynəyib sonra udmaq lazımdır. Mütləq və mütləq meyvə-tərəvəzlər ağır yeməkdən öncə yeyilməlidir və hər yeməkdən yarım saat sonra yaşıl çay, bitki çayı içilməlidir ki, bu, qidanın həzmini tezləşdirir”.

Sübhan Hacıyev: Bu bayramda insanlar mütləq şəkildə öz nəfslərinə daha çox qalib gəlsinlər

Terapevt Sübhan Hacıyev isə Bakıvaxtı.az-a bildirib ki, çərşənbələrdə və Novruz bayramı ərəfəsində adət-ənənəyə əsasən, insanlarımız un məmulatlarına, bişintilərə, şirniyyatlara və eyni zamanda bizim təzyiqimizi, şəkərimizi və digər maddələr mübadilələrimizi pozacaq, hiperqlikemik indeksimizi artıracaq qidalara bol-bol üstünlük verirlər.

Terapevtin sözlərinə görə, bu, tək hər kəs öz evində deyil, getdikləri qonaqlıqlarda onlardan istifadə etmək məcburiyyətində qalırlar və nəticə etibarilə də bir çox problemlərlə üzbəüz qalmış olurlar.

Bu problemlərin daha çox mədə bağırsaq traktına aid olduğunu deyən S.Hacıyev nəzərə çatdırıb ki, mədədə qastrit, oniki bağırsaqda duodenit kimi xəstəlikləri olan olan insanlarımızda mədə turşuluğunun artması nəticəsində bu cür xəstəliklərin kəskinləşməsi dönəmi başlayır:

“Xüsusilə də şirniyyatlardan bol istifadə edilən zaman maddələr mübadiləsinin pozğunluğunu yaşayan insanlarda, şəkərli diabet, piylənmə kimi xəstəliklərdən əziyyət çəkənlərdə bu cür birincili xəstəliklərin daha da ciddi şəkildə baş qaldırmasını müşahidə edirik. Həmçinin yüksək təzyiqi olan insanlarda ürək-damar xəstəliklərinin daha da aktiv fazaya keçib ağırlaşmasını da görə bilirik”.

Müsahibimiz tövsiyə edib ki, bu bayramda mütləq şəkildə öz nəfslərinə daha çox qalib gəlsinlər:

“Novruz adət-ənənəsinə görə bişirilən bir çox şəkərbura, paxlava, qoğal, badambura, digər bişinti məhsullarından maksimum dərəcədə az istifadə etməyə çalışsınlar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR