Son illərdə Avropa ölkələrinin hərbi varlıqlarını artırması beynəlxalq siyasətin diqqət mərkəzinə çevrilib. Bu proses bir tərəfdən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin geri çəkilməsi, digər tərəfdən isə Rusiyanın regiondakı hərbi və siyasi fəaliyyəti ilə bağlıdır.
ABŞ Prezodenti Donald Trump Avropada yerləşən qüvvələrin sayını azaltmaqla həm öz ölkəsinin müdafiə xərclərini azaltmaq, həm də daxili büdcəni gücləndirmək siyasəti yürüdür. Nəticədə Avropa dövlətləri öz təhlükəsizliyini təmin etmək üçün hərbi potensiallarını artırmaq zərurəti ilə qarşı-qarşıyadır.
Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, Polşa və Baltik ölkələrinə yönələn təhdidlər, Avropanın təhlükəsizlik strategiyalarının yenidən nəzərdən keçirilməsinə səbəb olub. Avropa İttifaqı və NATO üzv dövlətləri, həmçinin enerji və iqtisadi asılılıqları nəzərə alaraq, hərbi qüvvələrini artırmaqla həm öz sərhədlərini qorumaq, həm də regionda balansı təmin etmək məqsədini güdürlər.
Ekspertlər vurğulayırlar ki, Avropanın hərbi gücünü artırması total müharibə ehtimalından irəli gəlmir. Əksinə, bu addım həm qabaqlayıcı tədbir, həm də geosiyasi təzyiqlərə qarşı strateji hazırlıq kimi qiymətləndirilir. Bu baxımdan Avropanın hərbi varlığının artırılması həm regional, həm də qlobal səviyyədə balansın qorunmasına yönəlmiş məntiqli və zəruri addım hesab olunur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Avropanın hərbi varlığını artırması həm obyektiv, həm də subyektiv səbəblərlə izah olunur:
"Birinci səbəb ABŞ-nin Avropadakı hərbi qüvvələrinin azalmasıdır. Bir müddət əvvəl bu qüvvələr geri çəkilmişdi. Nəticədə Avropa ölkələri öz təhlükəsizliyini təmin etmək üçün hərbi potensiallarını artırmağa məcbur oldu. Trampın məqsədi ABŞ-nin xərclərini azaltmaq və daxili büdcəni gücləndirmək idi. Bu baxımdan Avropanın hərbi varlığını artırması təbii və məntiqi bir addım hesab olunur".
Turan Rzayev: Trampın məqsədi ABŞ-nin xərclərini azaltmaq və daxili büdcəni gücləndirmək idi
O əlavə edib ki, ikinci səbəb isə Rusiyanın artan təhdididir. Ukraynada baş verən müharibə, Polşa və Baltik ölkələrinə yönəlmiş təhdidlər fonunda Avropa İttifaqı və NATO üzv ölkələri hərbi qüvvələrini gücləndirmək qərarına gəliblər. Burada əsas arqument Rusiyanın təsirinin artması və Avropanın özünü qoruma zərurətidir:
"Buna baxmayaraq, total müharibə ehtimalı çox aşağıdır. Rusiya, Ukraynanı belə tam nəzarət altına ala bilməmişkən, ABŞ, Avropa və digər dövlətləri eyni anda qarşısına almaq mümkün deyil. Heç bir dünya gücü belə geniş miqyasda müharibə apara bilməz. Bundan əlavə, həm Rusiya, həm də Avropa ölkələri iqtisadi asılılıqlarını nəzərə alaraq belə bir addımı atmaqda ehtiyatlıdır".
Sonda Turan Rzayev əlavə edib ki, Avropanın hərbi varlığını artırmasının iki əsas səbəbi var:
"Birincisi, ABŞ-nin Avropadakı hərbi varlığını azaltmaq, ikincisi isə Rusiyanın artan təhlükəsi qarşısında öz təhlükəsizliyini təmin etmək".
Əli Hüseynov