Sabah müsəlman aləmində Qurban bayramı qeyd olunacaq. Hər il olduğu kimi, bu il də əksəriyyət "Hansı heyvan növündən qurban kəsilə bilər", "Qurban kəsərkən hansı şərtlərə əməl olunmalıdıe" və s kimi suallara cavab axtarır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı Samid Quliyev bildirib ki, Qurban bayramı ərəfəsində həcc ziyarəti və qurban kəsimi gerçəkləşir. Həccdə olan hər bir şəxsə qurban kəsmək vacib olur. Həccdə olmayan şəxslərə qurban kəsmək vacib deyil.
S.Quliyev qeyd edib ki, şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır: "Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyil. Heyvanın üzü qibləyə yönəldilərək qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir".
Müsahibimizin sözlərinə görə, qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır: "Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur".
Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.
O qeyd edib ki, qurban niyyətilə, yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır: "Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə, 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi".
Samid Quliyev sonda onu da deyib ki, müsəlmanlar birlikdə "ləbbeyk” deyib Allah evi Kəbənin ətrafında dövrə vurub onu yeddi dəfə təvaf edib digər vacib əməllərin icrasından sonra möhtərəm bir adın daşıyıcısı olurlar: "Hər bir insanın ilk dəfə bu evi gördükdə keçirdiyi hissləri qələmlə ifadə etmək mümkünsüzdür. Rəbbimiz tezliklə bu anı yaşamaq istəyənlərə bu arzuya yetmələrini nəsib etsin. Bütün zəvvarların tezliklə sağ-salamat vətənmizə qayıtmasına vasitə olsun. Amin!"
Xəyalə Rza
Bakı 




