• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Qurtuluş Günü: Xalqımızın müdriklik, ümummilli iradə, inadkarlıq anı

LAYİHƏ

14 Iyun 2023 | 16:58 | Müəllif: Qalib İbrahimoğlu

Qurtuluş Günü: Xalqımızın müdriklik, ümummilli iradə, inadkarlıq anı

6.3.9. azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli”

Ölkəmizdə Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu münasibətlə Milli Məclis bu gün bəyanat qəbul edib və 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı parlament prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.


Elnur Allahverdiyev: 15 iyundan sonra dövlətçiliyimiz firavan inkişaf yoluna qədəm qoydu

Milli Məclisin deputatı Elnur Allahverdiyev Bakıvaxtı.az-a bildirib ki, sabah biz xalqımızın və müasir dövlətçilik tariximizin dönüş anı olan Qurtuluş Gününü qeyd edəcəyik.

Onun sözlərinə görə, tarixin səhnəsindən yüzlərlə dövlətlər və xalqlar gəlib keçib. Bu dövlətlərin bir çoxunun yer üzündən silinməsi, xalqların isə yalnız tarixin yaddaşında qalması mühüm, taleyüklü anlarda tələb olunan düzgün addımın atılmamasının nəticəsidir.

“Bu baxımdan, Azərbaycan xalqı özünün uzaqgörənliyi, müdrikliyi, mühüm anlarda birliyi və həmrəyliyi ilə mürəkkəb tarixi mərhələləri aşaraq hazırki müstəqil dövlətə malikdir. Bu reallıq xalqımızın tarixən zəngin dövlətçilik ənənələrinə malik olduğunun bariz göstəricisidir. Haşiyədən kənara çıxmayaraq bir misalla qeyd etmək olar ki, əsrlər boyu dünyanı saxta tarixi, “minillik dövlətçilik ənənələri” ilə aldadan erməni xalqı təsadüf nəticəsində əldə etdiyi müstəqilliyini qorumaq iqtidarında deyil, çünki buna onun məhz dövlətçilik ənənələrinin olmaması imkan vermir”, -deyə deputat bildirib.

Elnur Allahverdiyev qeyd edib ki, 20 yanvar 1990-cı ildə xalqımızın möhtəşəm birliyi sonrakı müstəqilliyimizin əldə olunmasında aparıcı amil kimi çıxış edib: “Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, 1993-cü ilin iyunu və bunun məntiqi nəticəsi olaraq bu gün qeyd etdiyimiz Qurtuluş Günü xalqımızın tarixinə bir müdriklik, qəhramanlıq, ümummilli iradə, inadkarlıq anı kimi həkk olunub. Məhz xalqımızın uzaqgörənliyi həmin çətin, ümidsiz, qaranlıq günlərdə bütün maneələrin aradan qalxmasına və Ulu öndərin Bakıya gəlməsinə şərait yaratdı.
Hər birimiz o hadisələrin canlı şahidi olmuşuq, yüzminlərlə soydaşımızın doğma yurd-yuvalarından didərgin düşüb Bakıya, ölkəmizin digər bölgələrinə pənah apardıqlarını, şəhərlərimizə, rayon və kəndlərimizə hər gün şəhidlərin gətirildiyini xatırlayırıq. Cəbhədən gələn acı dolu məğlubiyyət xəbərləri xalqımızı mənəvi cəhətdən yormuşdu. Bir qrup xəyalpərəst, qeyri-peşəkar siyasətçinin bərbad dövlət idarəçiliyi onunla nəticələnmişdi ki, ölkəmiz vətəndaş qırğını astanasında idi, xalq belə bir çətin, düşmənlə əliyalın üz-üzə durduğu dövrdə çarəsiz vəziyyətdə qalmışdı. Hər birimizin evində bir gərginlik, təşfiş var idi. Həmyaşıd həmkarlarım təsdiqləyər, biz o vaxt məktəbli yaşında olsaq da, bizim nəslin ətrafda baş verən ictimai-siyasi hadisələrə görə kifayət qədər ayıq nəsil olması səbəbindən hər birimiz evlərimizdə, ətrafımızda böyüklərin, yaşlıların, ağsaqqaların keçirdikləri narahatlığı hiss edirdik”.

Deputat bildirib ki, yalnız 15 iyundan sonra hamıda bir rahatlıq, sakitlik hökm sürməyə başladı. Çünki dövlətçiliyimizin bu qaranlıq tuneldən çıxıb firavan inkişaf yoluna qədəm qoyması üçün ümidlər görünməyə başlamışdı.

“Biz bu barədə çox danışmışıq, ancaq düşünürəm növbəti dəfə deməkdə fayda var ki, tarixinin ən qüdrətli çağını yaşayan, ərazi bütövlüyü təmin olunmuş, sərhədləri qorunan Azərbaycanın əsası məhz həmin gün qoyuldu. Ümummilli lider Heydər Əliyevlə xalqımızın birliyi nəticəsində”, - deyə Elnur Allahverdiyev qeyd edib.

Elşad Mirbəşiroğlu: Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi həmrəylik, birlik təmin edildi

 Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bəşər tarixi boyunca oturuşmuş qanunauyğunluqların heç bir əlaməti görünmürdü. Onun sözlərinə görə, bu qanunauyğunluq ondan ibarətdir ki, xarici təhdid və təhlükə xalqın, dövlətin, cəmiyyətin həyatında daxili həmrəyliyi və birliyi möhkəmləndirir. Bütün qüvvə düşmənlə mübarizə istiqamətində səfərbər edilir.

Deputat bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda isə bütün bunların əksi müşahidə olunurdu: “Ermənistanın həyata keçirdiyi işğallar, soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi ölkədaxili həmrəyliyin və birliyin möhkəmləndirilməsi üçün təsirli bir siqnal olmadı. Əksinə, Ermənistanın işğalçılıq siyasətinin uğurları AXC-Musavat cütlüyü tərəfindən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə edilirdi. Tanklar, top-tüfəng işğalçı erməni hərbi birləşmələrinin üzərinə yeriməli olduğu halda, Milli Məclisin üzərinə yeridilirdi. Hərbiləşmiş siyasi birləşmələr hakimiyyət uğrunda qeyri-sivil mübarizə aparırdılar. Məşhur Çin mütəfəkkiri Sun Tszı özünün "Müharibə sənəti" əsrində qeyd edir ki, müharibənin əsas güclərindən birini mənəviyyat qanunu təşkil edir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, müharibə vaxtı bütün qüvvələr düşmənə qarşı səfərbər olmalıdır, daxili çəkişmələrə son qoyulmalıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda bunun da əksi müşahidə olunurdu. Ermənistan torpaqlarımızı işğal edirdi, Bakıda isə hakimiyyət uğrunda mübarizə, siyasi intriqalar səngimirdi”,- deyə deputat bildirib.

Elşad Mirbəşiroğlu qeyd edib ki, həmin dövr haqqında bəzən eşidirik ki, xalqın AXC-Musavat cetlüyünə xalqın etimad limiti tükənmişdir: “Bu fikrin doğru olmadığını düşünürük. Çünki, tankı, topu düşmən üzərinə deyil, parlament üzərinə yeridənlərə xalqın heç bir etimadı ola bilməzdi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi həmrəylik, birlik təmin edildi. Dövlət təhlükəsizliyinin, hərbi təhlükəsizliyin təmin olunmasının təsirli elementləri yaradıldı. Bunun ardınca milli iqtisadi sistemin formalaşdırılması prosesi başladıldı. Müdafiənin təşkili və həmin dövr üçün ən vacib məsələlərdən olan xarici təsir imkanlarının da yaradılması baxımından Milli Ordu quruculuğu həyati vacib əhəmiyyət kəsb etdirdi. Qısa zaman kəsiyində sonrakı mərhələdə diplomatiyamızın da keçərliliyini təmin edəcək güclü ordu quruculuğu həyata keçirildi. Həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlar işğalçı Ermənistanı 1994-cü ilin mayıbda atəşkəs haqqında Bişkek ptokoluna imza atmağa məcbur etdi. Bu, sonrakı mərhələdə hərbi potensial əsas olmaqla, bütün istiqamətlərdə resursların yaradılmasını şərtləndirdi. Bütün bunlara istinad edərək, bu deyə bilərik ki, 2020-ci ilin payızında Vətən müharibəsində tarixi qələbəmizin ilkin elementləri hələ Ulu Öndərin rəhbərliyi dövründə yaradılmışdır. Beləliklə, 15 iyun tarixi dövlətçiliyimizin, müstəqilliyimizin və ümumiyyətlə xalqımızın gələcəyinin xilası tarixidir”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Qurtuluş Günü: Xalqımızın müdriklik, ümummilli iradə, inadkarlıq anı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026