• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Sahibkarlığın inkişafı: Yerli istehsal müəssisələrinin yaradılması prioritet olmalıdır

LAYİHƏ

07 Iyul 2023 | 11:53

Sahibkarlığın inkişafı: Yerli istehsal müəssisələrinin yaradılması prioritet olmalıdır

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir.

Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.

Fuad İbrahimov: Neqativ halların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsiyönündə işlər görülür

İqtisadçı-ekspert Fuad İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, azad sahibkarlıq və liberal iqtisadiyyatın təşviqi ilə bağlı ölkə rəhbərinin çıxışlarının hər birində bu sahədə inkişafın sürətlənməsi vurğulanır: “Yəni inkişafa mane olan mənbələrin, neqativ halların aradan qaldırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə işlər görülür. Nəzərə almaq lazımdır ki, bununla bağlı kifayət qədər qanunvericilik bazamız var. Prezidentimiz bu işlərin sürətləndirilməsini hər zaman xüsusi nəzarətdə saxlayır. Doğrudan da, kənd təsərrufatı sektorunda, istehsal prosesində, İqtisadiyyat Nazirliyinin idarəçiliyində sənaye məhəllələri və parklarının yaradılması və s. bunların hamısı bu istiqamətə xidmət edən göstəricidir”.

Ekspert qeyd edib ki, oununla yanaşı, kiçik və orta sahibkarlara xüsusi yardım paketləri var: “Hər şey var, gözəldir, işlər gedir. Ancaq kifayət qədər neqativ hallar da var. Cənab prezident il sonunda etdiyi çıxışlarda hər zaman inhisarçılığa qarşı mübarizənin gücləndirilməsini xüsusi vurğulayır. Əgər cənab president deyirsə, deməli, bu faktlar var. Bununla bağlı mübarizə gücləndirməlidir”.

Müsahibimiz onu da qeyd edib ki, 10-15 il əvvəl ilə müqayisə etsək, böyük inkişaf olub. Əgər inkişafa mane olan halların tam qarşısı alınarsa, Azərbaycan hər baxımdan ən güclü ölkələrdəndir.

Elmir Səfərli: İqtisadiyyatın inkişafını təmin edən əsas elementlərdən biri də azad sahibkarlığın formalaşdırılmasıdır

İqtisadçı-ekspert Elmir Səfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bir ölkənin iqtisadiyyatının inkişafını təmin edən əsas elementlərdən biri də azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır: “Belə ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, diversifikasiya olunmuş iqtisadi strategiyaların həyata keçirilməsi sosial- iqtisadi dayanıqlılığının artırılması, institusional islahatlar kontektsində davamlı inkişafın təmin edilməsi, və eləcə də, ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin və zəruri hesab edilir. Keçmişə nəzər salsaq görərik ki, müstəqillikdən sonra Azərbaycanda iqtisadiyyatın formalaşmasında əsas prioritet sahə neft-qaz sektoru olub. Bu baxımdan demək olar ki, “Əsrin müqaviləsi” imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilib”.

Ekspert qeyd edib ki, statistik rəqəmlərə baxsaq görərik ki, hətta 2000-2017-ci illər arasında belə birbaşa xarici investisiya həcminin demək olar 85%-dən çoxu neft sektoruna edilmiş investisiyalardır: “Lakin 2010-cu ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi, özəl sektorda , xüsusən də kiçik və orta sahibkarlıqda iqtisadi və hüquqi islahatların aparılması ilə liberal biznes mühitinin formalaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması və iqtisadıyyatın şaxələndirilməsi istiqamətində dövlət-özəl tərəfdaşlığının formalaşdırılması daha ön plana çıxdı. Bir iqtisadiyyatın güclü olması təbii ki , ölkə daxilində elmin müxtəlif metodologiyalarından istifadə etməklə daxili istehsalın gücləndirilməsindən asılıdır”.

Onun sözlərinə görə, bu kontektsdə, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin yaradılması üçün təşviqatın aparılması daha prioritet olmalıdır: “Hətta bütün bu müddəalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyasında yer alır. Bugün reallıqlara nəzər yetirsək, Azərbaycanda azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımlar atılır. Məsələn, investisiya təşviqi sənədini almış hüquqi və fiziki şəxslər həmin sənədi aldığı müddətdən 7 il içərisində xüsusi güzəştlər əldə etdilər və ya ixrac təşviqi şamil olunan mallar siyahısında nəzərdə tutulan məhsulların ixracı zamanı gömrük dəyərinin 3-6 faiz hissəsi büdcə hesabına geri ödənildi. Bu kimi təşviq və promo strategiyalar sahibkarların qeyri-neft sektoru sahəsində məhsul və xidmətlərin istehsalına investisiyalara yönəldir”.

E.Səfərli qeyd edib ki, digər tərəfdən, bir çox sahibkarlara, özəlliklə də, qeyri-neft sektorunda fəaliyyət göstərən iş adamlarına və müəssisələrə xüsusi vergi, gömrük və s. güzəştlərin edilməsi, eləcə də, aşağı və ya qarşılıqsız kredit və subsidiyaların verilməsi, iqtisadi gərginlik şəraitində dövlət tərəfindən kompensasiyaların ayrılması, dövlət büdcəsindən sahibkarlara müəyyən təşviq vəsaitlərinin təmin edilməsi, xüsusi dövlət səviyyəli yoxlamaların və eyni zamanda lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması, investisiya layihələrində dövlət-özəl tərəfdaşlığının yaradılması, dövlətin sahibkarlara diqqətinin artırılması ölkə səviyyəsində liberal biznes mühitinin yaranmasına mühüm dəstək verir. Bu fəaliyyətləri yüzlərlə artırmaq mümkündür.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR