• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Öz ölkəsini, dilini, vətənini sevən xalqlar xoşbəxt olur

LAYİHƏ

19 May 2023 | 13:10

Öz ölkəsini, dilini, vətənini sevən xalqlar xoşbəxt olur

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır.

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni, həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Ceyhun Məmmədov:  Gənclərin milli, mənəvi dəyərlərə sadiq yetişdirilməsi üçün bütün addımlar atılır

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə gənclərin milli, mənəvi dəyərlərə sadiq yetişdirilməsi üçün bütün addımlar atılır. Onun sözlərinə görə, məktəb və universitetlərimizdə mütəmadi olaraq vətənpərvərlik hisslərinin təbliği istiqamətində işlər görülür: “Cənab prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbədə gənclərimizin çox böyük rolu oldu. Onlar qələbəyə öz töhvələrini verdilər. Məhz cənab prezidentin rəhbərliyi dövründə böyüyən Azərbaycan gəncliyi torpaqlarımızın azad olunmasında böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirərək qələbəmizi təmin etdilər. Bu gün də bu siyasət davam etdirilir, Azərbaycan gənclərinin inkişafı üçün mühüm addımlar atılır”.

Depuatat qeyd edib ki, bu gün ölkəmizdə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu fəaliyyət göstərir. Bütün bunlar bütövlükdə gənclərimizin inkişafına, milli, mənəvi dəyərlərinı sadiq bir ruhda yetişməsinə böyük təkan verir.

“Hazırda hər birimizin qarşısında duran mühüm vəzifələrdən biri də gənclərin milli, mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsi, sağlam ruhda tərbiyəsidir. Bu gün deyə bilərik ki, dövlətimiz bu siyasəti uğurla davam etdirir, çox mühüm addımlar atır. Əlbəttə, burda medianın üzərinə böyük yük düşür”, - deyə Ceyhun Məmmədov bildirib.

Cavid Osmanov:  Heç şübhəsiz, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə öz sözünü deyir

Deputat Cavid Osmanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər bir xalq sahib olduğu milli dəyərləri daim yüksək səviyyədə mühfizə etməli, həm ideoloji baxımdan özünün milli həmrəyliyini və eyni zamanda, bütövlüyünü qoruyub saxlamalıdır: “Bu baxımdan, baxmayaraq ki, Azərbaycan müxtəlif dövrlərdə müxtəlif rejimlər tərəfindən qadağalar qoyulub, öz milli dəyərlərini hər zaman qoruyub saxlayıb. Müstəqilliyimiz bərpa edildikdən sonra, əlbəttə ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə olunması istiqamətində heç bir iş görülmürdü. Ölkədə bu sahədə çox acınacaqlı vəziyyət yaranmışdı”.

Müsahibimiz vurğulayıb ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkid və tələbi ilə hakimiyyətə gəldikdən, həmin ilin oktyabr aında prezident seçildikdən sonra bu sahəəd çox ciddi tədbirlər həyata keçirilməyə başladı: “Gənclər və İdman Nazirliyinin yaradıldı. O cümlədən, gənclərlı bağlı müxtəlif fərman və sərəncamlar, planlr təsdiq edildi. Bütün bunlar gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə olunmasında mühüm yer tutur. Heç şübhəsiz, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə öz sözünü deyir. Təcrübədə onu göstərir ki, öz ölkəsini, dilini, vətənini sevən xalqlar əbədi yaşam qazanır və xoşbəxt olur”.

Fərid Şahbazlı: Məktəblərdə gənclərimizə kimliyimizi, bizi biz edən dəyərləri dərindən aşılamalıyıq

İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gənc nəslin millin mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir cəmiyyətin, dövlətin qarşısında duran çox vacib, mühüm bir məsələdir: “Məncə, bu məsələ, həm də bir kompleks yanaşma tələb edir. Yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda yaşaması, fəaliyyət göstərməsi, bütün fəaliyyətində milli kimliyini ön planda tutması hər şeydən əvvəl onun günetik kodları ilə bağlı məsələdir. Yəni onun doğulmasından başlayaraq ailədə aldığı tərbiyə, valideynlərinin vətənə bağlılığından genetik olaraq ona keçən vətənpərvərlik hissi, əlbəttə ki, insan həyatını bitirənə qədər davam edir. Hər nə qədər gənc nəslə milli mənlik şüuru və vətənpərvərliyin genetik kodlarla keçdiyini desək də, onun düzgün yöndə tərbiyə edilməsi, yad təsirlərdən qorunaraq müasir, milli mənəvi dəyərlər ruhunda yetişdirilməsi ciddi bir prosesdir. Bu, ciddi bir iş tələb edir. Hesab edirəm ki, bu məsələ, xüsusən də orta məktəbin orta pilləsində diqqət yetirilməli olan məsələdir. Orta məktəblərdə gənclərimizə kimliyimizi, bizi biz edən dəyərləri, şəxsiyyətləri dərindən tanıtmalıyıq”.

Birlik sədri qeyd edib ki, Azərbaycanın keçdiyi uzun və şərəfli yolu gənclərə təqdim etməliyik: “Yəni bu gün gənclərin milli kimliklərini unutmamalarını istəyiriksə, tarix boyu Azərbaycan xalqının həyatında mühüm xidmətləri olan insanları gənclərə doğru aşılamalıyıq. 44 günlük Vətən müharibəsinə qədər vətənpərvərlik haqqında ümumi sözlərlən danışırdıq, ancaq Vətən müharibəsində Azərbaycanlı qəhrəmanlarımızın, əsgərlərimizin göstərdiyi şücaət, fədakarlıq bizə imkan yaratdı ki, artıq vətənpərvərlik haqqında ümumi sözlərlə yox, konkret nümunələr əsasında danışaq. Şəhid və qazilərimizin timsalında vətəni sevməyin, vətənə olan borcu ödəməyin ümumi bir sözü, sloqanı olmadığını konkret insanların timsalında göstərə bilək. Biz bu dəyərlərimizi, şəhid və qazilərimizi elə doğru təqdim etməliyik ki, gənclərimiz onlara bənzəməyə çalışsın. Şübhəsiz, bu işdə ailədən, bağçadan, orta məktəbdən başlayaraq universitetlərimizə qədər təhsilin bütün pillələrində ciddi bir iş aparılmalıdır”.

F.Şahbazlının sözlərinə görə, yalnız inzibati strukturlarının üzərinə deyil, media, cəmiyyət, qeyri-hökumət təşkilatları da bu prosesdə aktiv olmalıdır. Cəmiyyətə nəyi təbliğ ediriksə, gənclər onlara oxşamağa çalışır. Ona görə də, efirlərdə, mətbuatda bütün sahələrdə örnək olan insanlarımızı, vətənpərvərlik məsələlərində şəhid və qazilərimizi, alimlərimizi, ziyalılarımızı, vətən üçün bütün şəxsi maraqlarından imtina etmiş görkəmli şəxsiyyətlərimizi təbliğ etməli, onlara hörmətlə yanaşmalıyıq. Bunu etməliyik ki, Azərbaycan gəncliyi onlara bənzəməyə çalışsın. Şübhəsiz, burada dövlətlə dövlətin ayrı-ayrı strukturları, vətəndaş cəmiyyətləri inistitutları və sadə xalq arasında böyük vəhdət xarakterli bir fəaliyyət olmalıdır. Bu mənada çox vacib məsələdir.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR