• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Xalqımız, dövlətimiz cümhuriyyət qurucularının xidmətlərini yüksək dəyərləndirir"

LAYİHƏ

26 May 2023 | 15:03

Xalqımız, dövlətimiz cümhuriyyət qurucularının xidmətlərini yüksək dəyərləndirir

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Artıq 3 ildir ki, Müstəqillik Günü işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 

“28 May –Müstəqillik Günü xalqımız üçün ən dəyərli və müqəddəs bayramlardan biridir. Çünki XX əsrin əvvəllərində - 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Xalq Cümhuriyyəti milli tariximizin ən şanlı səhifələrindən biridir”. 

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, milli dövlətçilik tariximizdə Xalq Cümhuriyyəti müstəsna yer tutur. Bu dövləti yaradan xalqımızın oğulları əsl vətənpərvərlik nümunəsi göstərdilər. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti xalqımıza azadlıq sevinci bəxş etdi. Məhz buna görə də, cümhuriyyət qurucularının misilsiz xidmətləri daim xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin dediyi kimi müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Məhz bundna sonra, o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.

“Dövlətimizin başçısı İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Cənab Prezident tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də  cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu. Bu gün çox qürur duyuruq ki, artıq üçüncü ildir ki, Müstəqillik Gününü ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Bütövlükdə, Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzli dövlətə çevrilməsi hər bir vətəndaşı qürurlandırır.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycanın üçrəngli  bayrağının bu gün Şuşada dalğalanması, Azərbaycan Prezidenti İlham Əliyevin bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır. Eləcə də, 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın aparıcı ölkələrinin rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları və məktublarda Azərbaycanın inkişafı, yüksək beynəlxalq nüfuzu, həyata keçirdiyi uğurlu siyasətlə bağlı önəmli fikirləri bir daha müstəqil dövlətimizin gücünün, qüdrətinin, Prezidentimizin dünya miqyasında yüksək nüfuzunun parlaq nümunəsidir. Biz inanırıq ki, Prezidentimizin liderliyi ilə müstəqil dövlətimiz bundna sonra da böyük zəfərlər qazanacaq”,-deyə Fatma Yıldırım söyləyib.

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması elə də asan başa gəlməyib, mürəkkəb siyasi şəraitdə xalqın mütəfəkkirləri və tanınmış ziyalıları Şərq aləminin ilk demokratik cumhuriyyətinin yaradılmasına nail oldular”.

Bunu Bakıvaxtı.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, həmin dövürdə qəbul olunmuş İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi: “AXC nin təsis olunmasıyla Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir”.

Deputat M.Cəfərov bildirib ki, 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan  Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı: “Ötən əsrin ortalarında ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Böyük öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir”.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

25 Aprel 2024