Yaya fəsli yaxınlaşdıqca insanlar gəzmək, görmək, əylənmək, yeni yerlər kəşf etmək istəyir. Ancaq reallıq budur ki, hər kəsin təyyarə ilə ölkədən çıxmaq imkanı yoxdur. Quru sərhədlər isə bağlı olduğundan əksəriyyət çarəsiz qalır.
Millət vəkili Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda quru sərhədlərin bağlanması məhz COVİD-19 pandemiyası ilə bağlı idi: “Quru sərhədlərin bağlanması ilə bağlı qərar Azərbaycan Respublikası Nazirlır Kabineti yanında Operativ Qərargah tərəfindən verilmişdi. Demək olar, o zaman əksər ölkələrdə quru sərhədlər bağlanmışdı”.
V.Bayramov mərhələli şəkildə quru sərhədlərin açılması ilə bağlı mütəmadi olaraq təkliflər verdiklərini xatırladıb. Müsahibimiz hesab edir ki, xüsusən də, Rusiya və Gürcüstanla quru sərhədlərinin açılması daha məqsədəuyğun olardı: “Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır”.
Onun sözlərinə görə, quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir: “Düşünürəm ki, turizmin inkişafı baxımdan, eyni zamanda, iqtisadi aspekdən quru sərhədlərin mərhələlii şəkildə açılması məqsədəuyğun olardı. Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərin açılması indiki halda daha məqsədəuyğundur”.
Aytac Aslan
















