Süni intellektin (Sİ) inkişafı bəşəriyyət üzərində heç bir ümumi plan və insanların razılığı olmadan həyata keçirilən nəzarətsiz bir sınağa çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş süni intellektin idarəolunması üzrə birinci Qlobal Dialoqun açılış mərasimində bildirib.
Baş katibin sözlərinə görə, süni intellekt ağlasığmaz sürətlə inkişaf edir və bu texnologiyalar hətta onları yaradanların belə ayaqlaşa bilməyəcəyi bir templə tətbiq olunur. Quterreş vurğulayıb ki, bu sistemlər iqtisadiyyatı yenidən formalaşdırmaq, seçkilərə təsir etmək və qlobal təhlükəsizlik balansını dəyişdirmək gücünə malikdir:
"Cəmiyyətlərimiz üzərində plansız və razılıqsız bir eksperiment aparılır. Bu, belə davam edə bilməz və qəbuledilməzdir".
Quterreşin fikrincə, süni intellekt sistemləri artıq sadəcə alət deyil, kod yazan, şəbəkədə fəaliyyət göstərən və insanın iştirakı olmadan qərarlar qəbul edən müstəqil subyektlərə çevriliblər. "İnstitutlarımız əmrləri yerinə yetirən maşınları idarə etmək üçün yaradılıb. Lakin onlar özləri qərar verən maşınlar üçün hazır deyillər", - deyə o əlavə edib. Baş katib onu da vurğulayıb ki, hazırkı nəsil insanlarla maşınların birgə yaşayış şərtlərini müəyyən etməyə qadir olan son nəsil ola bilər./Oxu.az
Bakı 



