• Bakı 27° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Radioaktiv maddələrin idxalı və ixracına necə nəzarət olunur? – Səhiyyə Nazirliyindən açıqlama

CƏMİYYƏT

21 Iyul 2026 | 14:32

Radioaktiv maddələrin idxalı və ixracına necə nəzarət olunur? – Səhiyyə Nazirliyindən açıqlama

Azərbaycan ərazisinə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxalı, ixracı və tranziti ilə bağlı sənədlər araşdırılır, daşınma şəraitinə qiymət verilir və müvafiq rəylər hazırlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsinin müdiri İlham Qarayev "Sağlam radio"nun (93 FM) "Sağlam həyat" verilişində danışıb.

O bildirib ki, Radiasiya gigiyenası bölməsi fəaliyyətini "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun, eləcə də qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirir.

İ.Qarayevin sözlərinə görə, bölmə Səhiyyə Nazirliyinin müvafiq əmr və qərarlarının icrasına nəzarət edir, qanunvericilik təşəbbüsləri çərçivəsində qanun layihələrinin hazırlanmasında iştirak edir, həmçinin vətəndaşlardan daxil olan ərizə və şikayətlərin operativ və obyektiv araşdırılmasını təmin edir.

Bölmə müdiri qeyd edib ki, müxtəlif təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı müraciətlər əsasında radioloji müayinələr də təşkil olunur.

Onun sözlərinə görə, respublika ərazisinə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxalı, ixracı və tranziti ilə bağlı təqdim olunan sənədlər araşdırılır və müvafiq rəylər hazırlanır. Eyni zamanda radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınma üsulları və şəraitinin sanitariya qaydalarına uyğunluğu qiymətləndirilir, nəqliyyat vasitələrinə müvafiq rəy verilir.

İ.Qarayev əlavə edib ki, müəssisə və təşkilatların müraciətləri əsasında ionlaşdırıcı şüa mənbələri ilə işləyən personal TLD tipli fərdi dozimetrlərlə təmin olunur, onların uçotu aparılır və aldıqları radiasiya dozasına nəzarət edilir.

O bildirib ki, fiziki şəxslərin və özəl müəssisələrin müraciətləri əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin akkreditasiyadan keçmiş radioloji laboratoriyasında müxtəlif sənaye məhsulları üzərində spektrometrik və radiometrik ölçmələr həyata keçirilir. Müayinələr zamanı məhsullardakı radiasiya fonu və radionuklidlərin səviyyəsi müəyyən edilir, nəticələrə əsasən isə aidiyyəti üzrə müvafiq rəylər təqdim olunur.

Bölmə müdiri onu da vurğulayıb ki, Radiasiya gigiyenası bölməsinin əməkdaşları Səhiyyə Nazirliyi və beynəlxalq təşkilatlar tərəfindən keçirilən seminar və təlimlərdə iştirak edir, Azərbaycan Tibb Universitetinin və orta tibb təhsili müəssisələrinin tələbələri üçün praktiki məşğələlər keçir, eyni zamanda kütləvi informasiya vasitələri ilə əhali arasında radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işini davamlı şəkildə həyata keçirirlər.

İ.Qarayev sonda qeyd edib ki, Radiasiya gigiyenası bölməsinin fəaliyyəti əhalinin radiasiyadan mühafizəsinin təmin olunmasına, eləcə də ətraf mühitin ionlaşdırıcı şüalanmanın zərərli təsirlərindən qorunmasına mühüm töhfə verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR