Yaxın Şərqdə gərginlik artıq təkcə hərbi qarşıdurma ilə məhdudlaşmır. Son günlər hadisələrin gedişi göstərir ki, münaqişə qlobal ticarət marşrutlarını da birbaşa hədəfə almağa başlayıb.
İyulun 20-də Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdiklərini və Bab əl-Məndəb boğazından Səudiyyə ilə əlaqəli gəmilərin keçidinə mane olacaqlarını bəyan etdilər. Bu bəyanat hələlik tammiqyaslı blokada demək olmasa da, dünya bazarlarında ciddi narahatlıq yaradıb.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən, Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasında yük daşımalarının həyata keçirildiyi ən strateji dəniz keçidlərindən biridir. Dünya ticarətinin təxminən 12 faizi bu marşrutdan keçir. Xüsusilə son aylarda Hörmüz boğazında yaranan təhlükələr səbəbindən Səudiyyə Ərəbistanı neft ixracının əhəmiyyətli hissəsini Qırmızı dəniz üzərindən həyata keçirməyə başlamışdı. İndi isə həmin alternativ marşrutun da risk altına düşməsi Yaxın Şərqdə böhranın yeni mərhələyə keçdiyini göstərir.
Əslində, burada söhbət təkcə bir boğazdan getmir. Son aylarda Hörmüz boğazı ətrafında yaşanan gərginlik qlobal enerji bazarını ciddi narahat edirdi. Bab əl-Məndəbin də təhlükə zonasına çevrilməsi isə göstərir ki, Yaxın Şərqdə dəniz logistikası sistemli şəkildə təzyiq altına düşür. Bu vəziyyət dünya iqtisadiyyatı üçün xüsusilə təhlükəlidir. Çünki alternativ marşrutların sayı məhduddur və onların istifadəsi həm daşınma müddətini uzadır, həm də nəqliyyat və sığorta xərclərini artırır.
Əgər risklər artarsa, bir çox gəmi Afrikanın cənubundakı Ümid burnu marşrutundan istifadə etməyə məcbur olacaq. Bu isə Avropa ilə Asiya arasında yükdaşımaların həftələrlə gecikməsi, logistika xərclərinin yüksəlməsi və nəticədə məhsulların maya dəyərinin artması deməkdir. Belə bir ssenari xüsusilə enerji məhsulları, konteyner daşımaları və sənaye istehsalı üçün ciddi problemlər yarada bilər. Analitiklər hesab edirlər ki, uzunmüddətli pozuntu neft qiymətlərini əhəmiyyətli dərəcədə yüksəldə və qlobal inflyasiya təzyiqini yenidən gücləndirə bilər.
Maraqlıdır ki, bazarlar hələlik panikaya qapılmayıb. Bunun əsas səbəbi husilərin bəyanatının faktiki blokadaya çevrilməməsi və Vaşinqtonla Tehran arasında diplomatik kanalların tam bağlanmamasıdır. Buna baxmayaraq, investorlar və beynəlxalq daşıma şirkətləri hadisələri diqqətlə izləyirlər. Çünki əvvəlki təcrübə göstərir ki, belə bəyanatlar qısa müddət ərzində real hücumlarla müşayiət oluna bilər. 2023–2025-ci illərdə Qırmızı dənizdə onlarla ticarət gəmisinə hücum edilməsi beynəlxalq logistika sisteminin nə qədər həssas olduğunu artıq nümayiş etdirmişdi.
Bab əl-Məndəb ətrafında yaranmış vəziyyət İranın regiondakı dolayı təsir imkanlarının da gündəmə gəlməsinə səbəb olur. Husilər uzun illərdir Tehranın bölgədəki əsas müttəfiqlərindən biri hesab olunur. Bu baxımdan onların addımları təkcə Yəmən-Səudiyyə qarşıdurması kimi deyil, həm də ABŞ-İran gərginliyinin dəniz marşrutlarına təsiri kimi qiymətləndirilir. Əgər Yaxın Şərqdə münaqişə daha da genişlənərsə, strateji boğazların geosiyasi rəqabətin əsas alətlərindən birinə çevrilməsi ehtimalı artır.
Bütün bunlar göstərir ki, Yaxın Şərqdə mübarizə artıq yalnız quru və hava məkanında deyil, qlobal ticarətin əsas dəniz arteriyalarında da davam edir. Bab əl-Məndəb ətrafında baş verənlər bir daha sübut edir ki, müasir dövrdə geosiyasi böhranların təsiri yalnız region dövlətləri ilə məhdudlaşmır. Dünyanın ən vacib ticarət yollarından birində yaranan hər bir risk enerji bazarından başlayaraq istehlakçı qiymətlərinə qədər uzanan geniş iqtisadi zəncirə təsir göstərmək gücünə malikdir.
Alim Nəsirov
Bakı 



