ABŞ-də qətl törətdiyinə görə uzunmüddətli həbs cəzası çəkən qanunsuz miqrant prezident Donald Trampdan 75 milyon dollar təzminat tələb edir.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, "Fox News" telekanalının verdiyi məlumata görə, 27 yaşlı Brendon Ortiz-Vite Miçiqan ştatının dairə məhkəməsinə əllə yazılmış iddia ərizəsi təqdim edib. O, Trampın 2024-cü il seçki kampaniyası zamanı onun işini nümunə göstərərək ləyaqətini alçaltdığını iddia edib. Təqsirləndirilən şəxs prezidentdən 75 milyon dollar kompensasiya ilə yanaşı, ictimai üzrxahlıq və ABŞ vətəndaşlığı da tələb edir.
İddiaçı bildirib ki, Tramp Grand Rapidsdəki mitinqdə onun fotosunu nümayiş etdirərək onu "Amerikanın problemi" adlandırıb və şəxsiyyətini yalnız irqi mənsubiyyətinə və miqrasiya statusuna endirib.
Vəkil Mettyu Borqula isə bildirib ki, prezident toxunulmazlığı və səsləndirilən fikirlərin faktlara söykənməsi səbəbindən bu iddianın məhkəmədə təmin olunma şansı yoxdur.
Qeyd edək ki, Ortiz-Vite 2020-ci ildə ABŞ-dan deportasiya olunsa da, sonradan ölkəyə qanunsuz qayıdıb və 2024-cü ilin martında sevgilisini qətlə yetirdiyinə görə cəzaçəkmə müəssisəsinə göndərilib.
Zeynəb Rzayeva
Bakı 



