ABŞ Qəzzada yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə 206 milyon dollardan çox vəsait ayıracaq. Bunun özü Vaşinqtonun sülh planını kağız üzərindən praktik mərhələyə keçirmək niyyətini göstərir.
Vəsaitin 200 milyon dolları qüvvənin infrastrukturu, təchizatı və fəaliyyəti üçün nəzərdə tutulur. Daha 6 milyon dolların isə ABŞ-yə məxsus zirehli texnikanın layihənin ehtiyaclarına uyğunlaşdırılmasına sərf ediləcəyi bildirilir. Bu addım Tramp administrasiyasının Qəzzanın müharibədən sonrakı idarəçiliyində fəal rol almağa hazırlaşdığını göstərir.
Planın əsas məqsədi İsrail ordusunun mərhələli şəkildə çıxmasından sonra Qəzzada təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaqdır. Beynəlxalq qüvvə atəşkəsə nəzarət etməli, humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin etməli və yerli Fələstin polisinin fəaliyyətinə dəstək verməlidir. Məlumata görə, beş ölkə bu qüvvəyə hərbçi verməyə razılıq bildirib. Misir və İordaniyanın isə Fələstin polisinin hazırlanmasında iştirak etməsi nəzərdə tutulur.
Lakin maliyyə və hərbi hazırlıqlar siyasi razılaşmanın əldə edildiyi mənasına gəlmir. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS tam tərksilah edilmədən ordunun Qəzzadan çıxarılmasına razılaşmır. HƏMAS isə silahsızlaşdırma prosesinin İsrail qoşunlarının mərhələli çıxması və siyasi təminatlarla paralel aparılmasını istəyir. Tərəflər arasında əsas mübahisə də məhz hansı addımın əvvəl atılacağı ilə bağlıdır.
ABŞ üçün ən çətin məsələ beynəlxalq qüvvənin səlahiyyətlərini və legitimliyini müəyyənləşdirməkdir. Onun yalnız atəşkəsə nəzarət edəcəyi, yoxsa HƏMAS-ın tərksilahında birbaşa iştirak edəcəyi hələ dəqiq deyil. Əgər qüvvəyə silahlı qruplara qarşı əməliyyat aparmaq tapşırılarsa, hərbçi göndərən ölkələr uzunmüddətli münaqişəyə cəlb oluna bilərlər. Səlahiyyətləri məhdud qalarsa, beynəlxalq qüvvənin real təhlükəsizlik yaratmaq imkanları zəif olacaq.
Qəzzanın gələcək idarəçiliyi də cavabsız qalan əsas suallardandır. HƏMAS-ın idarəetmədən kənarlaşdırılması planlaşdırılsa da, onu əvəz edəcək və Fələstin cəmiyyətində legitim qəbul ediləcək siyasi struktur formalaşdırılmayıb. Fələstin Administrasiyasının Qəzzaya qayıdışı müzakirə olunur, lakin onun zəif ictimai dəstəyi və İsraillə münasibətləri bu variantı çətinləşdirir. Buna görə təhlükəsizlik qüvvəsi yaradılmadan əvvəl siyasi idarəetmə modelinin razılaşdırılması vacibdir.
Nəticədə ABŞ-nin 206 milyon dollarlıq maliyyə ayırması sülh planının icrasına başlanması üçün mühüm addımdır, lakin təkbaşına münaqişənin əsas səbəblərini həll etmir. İsrailin təhlükəsizlik tələbləri, HƏMAS-ın gələcəyi, Fələstin idarəçiliyi və Qəzzanın bərpası üzrə razılıq əldə olunmasa, beynəlxalq qüvvə yalnız müvəqqəti sabitlik yarada bilər. Planın uğuru ayrılan vəsaitdən daha çox tərəflərə veriləcək siyasi təminatlardan asılıdır. Əks halda, yeni missiya Qəzzada davamlı sülhün mexanizmi deyil, növbəti qeyri-müəyyən keçid dövrünün bir hissəsinə çevrilə bilər.
Alim Nəsirov
Bakı 



