ABŞ ordusu Avropada dronlar və yerüstü robotlardan istifadə etməklə döyüş əməliyyatları üzrə təcrübə toplamaq məqsədilə yaradılan xüsusi dron hücum batalyonunu tədricən ləğv edir.
Bakıvaxtı.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, yanvar ayında yaradılan və 173-cü Hava-Desant Briqadasının hərbçilərindən formalaşdırılan bölmə Almaniyada keçirilən genişmiqyaslı “Saber Junction” təlimində iştirak edib.
ABŞ ordusunun sözçüsü bildirib ki, batalyon əldə etdiyi təcrübənin nəticələrini təqdim etdikdən sonra “hava-desant piyada batalyonu kimi əsas döyüş missiyalarına yenidən diqqət yetirəcək”.
Batalyonun ləğvi Ordu Baş Qərargah rəisi vəzifəsini icra edən general Kristofer La Nevin irəli sürdüyü “əsaslara qayıtmaq” siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Sözügedən bölmə La Nevin sələfi, general Rendi Corcun təşəbbüsü ilə yaradılmışdı. Corc ABŞ müdafiə naziri Pit Heqset tərəfindən aprel ayında vəzifəsindən azad edilmişdi.
Qərar hərbi ekspertlər tərəfindən tənqidlə qarşılanıb. Brukinqs İnstitutunun eksperti Maykl O'Hanlon Ukraynada dronların döyüş meydanına təsirini vurğulayaraq bildirib ki, bu sahədə əldə edilən təcrübənin nəzərə alınmaması təhlükəli nəticələrə səbəb ola bilər.
ABŞ ordusu batalyonun ləğvindən sonra pilotsuz texnologiyaların inkişafını hansı formada sürətləndirəcəyinə dair konkret plan açıqlamayıb. Müdafiə Nazirliyi isə ABŞ-nin hərbi dronlar sahəsində üstünlüyünü sürətləndirməyə sadiq olduğunu bildirib.
Günəş Mərd
Bakı 



