İranın ali lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi Azərbaycan ərazisində ABŞ və İsrailə məxsus hərbi bazaların olmadığını açıq şəkildə etiraf etdi. Bu, son illərdə Tehranın Bakı ilə bağlı formalaşdırmağa çalışdığı narrativ fonunda diqqətçəkən açıqlamadır.
Çünki xüsusilə İran-İsrail gərginliyinin pik həddə çatdığı dövrlərdə İran mediasında, bəzi siyasi dairələrdə və hərbi rəsmilərin bəyanatlarında Azərbaycanın guya İsrailin İrana qarşı əməliyyatları üçün platformaya çevrildiyi barədə çoxsaylı iddialar səsləndirilirdi. Rəsmi Bakı isə bütün bu müddət ərzində ardıcıl şəkildə bəyan edirdi ki, Azərbaycan öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadəsinə heç vaxt imkan verməyəcək və bu, ölkənin xarici siyasətinin fundamental prinsiplərindən biridir.
Səfəvinin açıqlaması faktiki olaraq Azərbaycanın illərdir səsləndirdiyi mövqeyin İranın ən yüksək siyasi-hərbi dairələri tərəfindən təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Bu etiraf göstərir ki, Tehran daxilində də artıq emosional və təbliğat xarakterli yanaşmadan daha çox reallığa söykənən qiymətləndirmələr ön plana çıxmağa başlayır. Xüsusilə İran, Azərbaycan və Türkiyə arasında aparıldığı bildirilən koordinasiya danışıqları göstərir ki, təhlükəsizlik məsələlərində birbaşa dialoq mexanizmləri işlək vəziyyətdədir və tərəflər yanlış anlaşılmaların qarşısını diplomatik kanallar vasitəsilə almağa çalışırlar.
Bu bəyanatın başqa bir mühüm tərəfi İranın dolayısı ilə Azərbaycanın balanslaşdırılmış xarici siyasətini qəbul etməsidir. Bakı həm İsraillə strateji əməkdaşlığı davam etdirir, həm də İranla qonşuluq münasibətlərini qorumağa çalışır. Azərbaycan dəfələrlə vurğulayıb ki, İsraillə münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib. İndi isə İranın yüksək səviyyəli rəsmisinin bu mövqeyi təsdiqləməsi gələcəkdə Bakıya qarşı səsləndirilə biləcək oxşar ittihamların inandırıcılığını ciddi şəkildə zəiflədir.
Digər diqqətçəkən məqam Səfəvinin Türkiyə ilə bağlı dedikləridir. Onun sözlərinə görə, Ankara da “İncirlik” aviabazasının İrana qarşı istifadə edilməyəcəyinə təminat verib. Bu, İranın region ölkələri ilə birbaşa təhlükəsizlik dialoquna üstünlük verdiyini göstərir. Belə görünür ki, Tehran anlayır: İsrail və ABŞ ilə qarşıdurmanın genişlənməsi fonunda Azərbaycan və Türkiyə ilə əlavə gərginlik yaratmaq onun regional maraqlarına xidmət etmir.
Nəticə etibarilə, bu açıqlama təkcə bir faktın təsdiqi deyil, həm də İranın son illərdə Azərbaycanla bağlı formalaşdırdığı ritorikada müəyyən korrektələrin başladığını göstərən siyasi siqnaldır. Əgər bu yanaşma davamlı xarakter alarsa, bu, Bakı-Tehran münasibətlərində etimadın bərpası baxımından müsbət addım ola bilər. Bununla yanaşı, İranın bu mövqeyinin gələcək praktik davranışında da əks olunub-olunmayacağı münasibətlərin perspektivini müəyyən edən əsas amillərdən biri olacaq.
Züriyə Qarayeva
Bakı 



