“Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya, sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək.
Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqlarının olacağını deyən V.Bayramov bildirib ki, sənəd, eyni zamanda, Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq: "Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazandığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq.
Yaxud, Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq".
V.Bayramovun sözlərinə görə, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri özlərində saxlaması vacibdir.
"Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır" deyən Vüqar Bayramov qeyd edib ki, bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək.
Nuranə Daxilqızı
















