Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında bildirib ki, hətta tam təcrid belə onun ideyalarını tərəfdarlarına çatdırmağa davam etməsinə mane olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə göıə, süni intellektlə işləyən rəqəmsal əkizi artıq bu məqsədlə yaradılır.
"Süni intellektlə işləyən əkizim artıq hazırlanır. Məndən daha yaxşı görünür, amma yenə də mənəm. Ən yaxşı dövründəki Mişa kimi danışır, eyni jestlərə və üz ifadələrinə malikdir və düşündüyüm hər şey orada yerləşdiriləcək", - deyə Saakaşvili bildirib.
Keçmiş prezident, həmçinin, gələcəkdə azadlığa buraxılacağına əminliyini ifadə edərək, vəziyyətini həbsdən sonra hakimiyyətə qayıdan bir neçə beynəlxalq siyasətçinin taleyi ilə müqayisə edib. Xüsusilə, o, Nelson Mandela, Braziliya prezidenti Luis İnasio Lula da Silva və Malayziyanın baş naziri Ənvər İbrahimdən bəhs edib.
Saakaşvilinin sözlərinə görə, onun uzun müddət həbsdə qalması siyasi qayıdış ehtimalını yalnız artırır. O, missiyasını şəxsən hakimiyyətə qayıtmaqda deyil, fərqli düşüncə tərzinə malik yeni nəsil siyasətçilərin formalaşmasında gördüyünü bildirib.
Saakaşvili, həmçinin, tərəfdarlarının yeni bir siyasi qüvvəni hakimiyyətə gətirə biləcəyinə və bunun Gürcüstanın müstəqil kursunu bərpa edəcəyinə, ölkənin sürətli inkişafını təmin edəcəyinə və ədalətə nail olacağına əminliyini ifadə edib./Unikal
Bakı 



