• Bakı C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Şantaj etmək, qisas almaq... - Süni intellektin TƏHLÜKƏLİ TƏRƏFLƏRİ 

CƏMİYYƏT

23 Yanvar 2025 | 12:16

Şantaj etmək, qisas almaq... - Süni intellektin TƏHLÜKƏLİ TƏRƏFLƏRİ 

Süni intellektin meydan suladığı dövrə çatmışıq. Süni intellekt sayəsində orijinaldan seçilməyən fotolar, videolar görürük. Lakin bəzən bu fotolar, videolar kimisə şantaj etmək, qisas almaq məqsədilə istifadə olunur.

Belə hallarda insanlar nə etməlidir, öz hüquqlarını necə qorumalıdırlar?

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev Bakıvaxtı.az-a bildirib ki, süni intellekt texnologiyalarının inkişafı ilə, xüsusilə də deepfake videoların yaranması həm böyük imkanlar, həm də ciddi təhlükələr ortaya çıxır. Deepfake videolar bir şəxsin görüntüsünü və ya səsini manipulyasiya etməklə hazırlanır və yanlış məqsədlər üçün istifadə edildikdə ciddi problemlərə səbəb ola bilər.

Ekspert qeyd edib ki, şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdır. Onun sözlərinə görə, bir çox ölkədə belə hallar artıq qanunla tənzimlənir:

“Əgər kimsə sizə qarşı belə bir manipulyasiya edirsə, hüquq-mühafizə orqanlarına və ya müvafiq qurumlara müraciət edilə bilər. Həmin videonun yalan olduğunu sübut etmək üçün texniki ekspertizaya müraciət etmək lazımdır. Süni intellekt alətləri ilə hazırlanmış videoların izlərini müəyyən edən proqramlar mövcuddur".

Müsahibimizin sözlərinə görə, sosial mediada və ya ictimaiyyətdə məsələnin sizə qarşı bir şantaj və ya manipulyasiya olduğuna dair açıq mövqe bildirmək olar:

“Kibertəhlükəsizlik mütəxəssislərinə müraciət edərək şəxsi məlumatlarınızı və rəqəmsal təhlükəsizliyinizi qorumaq üçün tədbirlər görmək məsləhətdir",- deyə müsahibimiz vurğulayıb.

Bəhruz Əliyev: Şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdır

B.Əliyev bidirib ki, deepfake texnologiyası vasitəsilə edilən manipulyasiyalar məzmununa görə şəxsi həyata müdaxilə olaraq qəbul edilə bilər və bir çox hüquq sistemi bunu qanunsuz fəaliyyət kimi tanıyır. İnsanların imicindən, görüntüsündən və ya səsindən icazəsiz istifadə etmək hüquqi və etik ola bilməz:

"Belə halların qarşısını tamamilə almaq çətin olsa da, bir neçə addımla bu riskləri minimuma endirmək mümkündür. Dünya ölkələrində olan təcrübəyə əsasən deepfake texnologiyasından sui-istifadə hallarını məhdudlaşdırmaq üçün yeni qanunlar və qaydalar qəbul edilir. Deepfake videoları aşkar etmək üçün elə süni intellekt əsasında çalışan alətlər hazırlanır və inkişaf etdirilir. İstifadəçilər öz şəxsi məlumatlarını, xüsusən də foto və videolarını internetdə paylaşarkən daha diqqətli olmalıdırlar. İnsanları deepfake texnologiyası və onun təhlükələri barədə məlumatlandırmaq vacibdir ki, bu cür manipulyasiyaları daha yaxşı tanıyıb, tədbirlər görə bilsinlər".

Onun sözlərinə görə, həm fərdi, həm də cəmiyyət səviyyəsində texnologiyanın etik istifadəsini təmin etmək və onun neqativ təsirlərinin qarşısını almağa çalışmaq ciddi əhəmiyyət kəsb edir. Bu kimi məsələlərdə həm hüquqi sistemin, həm də cəmiyyətin birgə mübarizəsi vacibdir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR