Cənubi Koreyanın hakimiyyət orqanları Seulda Hellouin şənliyi zamanı şəhərin mərkəzindəki İthevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "News-1" agentliyi təcili yardım xidmətlərinə istinadən xəbər verib.
Məlumata əsasən, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır.
Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilib.
*** 29 oktyabr, 23:32
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.
Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
***22:18
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda 59 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Seulun mərkəzi rayonlarından olan İtavonda baş verib. Yaralılar şəhər xəstəxanalarına yerləşdirilib. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hüquq mühafizə orqanları hadisə barədə araşdırmalara başlayıb. Ölü və yaralı sayının çoxalması istisna olunmur.
Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.
Medianın məlumatına görə, Hellouin bayramı ilə əlaqədar İtavon rayonundakı şənliklərə təxminən 100 min adam qatılıb.
















