• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Şirin nemət zəhərə dönəndə: Tortdan zəhərlənmə bu hallarda olur

CƏMİYYƏT

22 Yanvar 2025 | 13:27

Şirin nemət zəhərə dönəndə: Tortdan zəhərlənmə bu hallarda olur

Yanvarın 21-də saat 13:00 radələrində 5 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, qızların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

TƏBİB-dən bildirilib ki, onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə vurğulanıb ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı birgə araşdırmalara başlanılıb.

Bəs tortdan hansı hallarda zəhərlənmə baş verir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, tortlarla bağlı hər zaman AİB-ə şikayətlər daxil olur. Onun sözlərinə görə, bu da onu göstərir ki, bu, ciddi məsələlərdən biridir. Çünki demək olar hər gün minlərlə insanın doğum günüdür və insanlar tort almağa üz tuturlar:

"Məsələ də budur ki, müştəri tortun təzə olub-olmadığını soruşur, satıcılar isə həmişə “təzədir” cavabını verirlər ".

E.Hüseynov vurğulayıb ki, bəzi hallarda tortların buraxılma tarixi qutunun üzərində, çox vaxt isə altında qeyd olunur. Amma alıcılar ərinərək, qutunun altında tortun buraxılma tarixinə, saxlanma müddətinə baxmırlar.

Eyyub Hüseynov: Məhsul alarkən mütləq onun buraxılma tarixinə baxmaq lazımdır

Tortdan zəhərlənmə halı tez baş verir:

"Tərkibində qaymaq, yumurta olan tort və şirniyyat məhsulları üç gün ərzində yalnız soyutma sistemi olduğu halda saxlanıla bilər. Amma bu saxlanmada soyuq qida zəncirinə əməl olunmazsa, tort və şirniyyatın tərkibində turşuluq əmələ gəlir, müəyyən sulanma prosesi baş verir. Onu alıb yeyən adamlara mədə bulanması, bağırsaq pozğunluğu kimi hallar müşahidə olunur. Bunu da el arasında zəhərlənmə kimi qəbul edirlər".

"Ona görə hər hansı bir qida məhsulunu alarkən mütləq onun buraxılma tarixinə baxmaq lazımdır",- deyə Eyyub Hüseynov vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR