Olaf Şolts aşağı reytinqə baxmayaraq, Almaniya Sosial-Demokrat Partiyasından kanslerliyə namizəd olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, son günlər hazırkı hakim koalisiyaya rəhbərlik edən Almaniya Sosial-Demokrat Partiyasının (SPD) liderləri fevralda keçiriləcək növbədənkənar seçkilərdə kimin kansler namizədliyini irəli sürəcəklərini müzakirə edirlər.
Hazırkı hökumət başçısı Olaf Şolts yenidən seçilmək istədiyini bildirsə də, o, hazırda bütün əsas alman siyasətçiləri arasında ən aşağı reytinqə (31,4) sahibdir. Eyni zamanda, digər sosial-demokrat, müdafiə naziri Boris Pistorius isə əksinə, Almaniyada ən populyar siyasətçidir (52,8).
Müdafiə Nazirliyinin rəhbəri kansler postuna namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
INSA sosioloji institutunun məlumatına görə, Şolts açıq şəkildə digər namizədlərə - mühafizəkar CDU/CSU blokundan Fridrix Merz və Union 90/Greens-dən Robert Habekə uduzur.